Accessibility links

Siyasi şərhçinin "Toplum işi" ilə bağlı Azərbaycandan çıxışına qadağa qoyulub


Şahin Cəfərli
Şahin Cəfərli

Siyasi şərhçi Şahin Cəfərlinin "Toplum işi" ilə bağlı ölkədən çıxışına qadağa qoyulub.

Bu barədə siyasi şərhçinin özü Amerikanın Səsinə məlumat verib.

Bir müddət əvvəl isə Şahin Cəfərli bu işlə bağlı Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində ifadə verib.

"Toplum TV işi" üzrə nə baş verib?

Martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV", "Demokratik Təşəbbüslər İnstitutu", həmçinin "III Respublika Platforması"nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Lakin "Toplum TV"nin ofisinin qapısı möhürlənib. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, "Toplum TV"nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri, həmçinin "III Respublika Platforması"nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynalova, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Martın 8-də "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətli və "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli həbs olunub. Xətai Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Hər ikisi də qaçaqmalçılıqda ittiham olunur.

İyulun 3-də və 4-də isə "Toplum TV işi" üzrə təqsirləndirilən 7 nəfər barəsində həbs qətimkan tədbiri 3 ay uzadılıb.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Forum

XS
SM
MD
LG