Böyük Britaniya Zamirə Hacıyevaya məxsus mülkləri müsadirə edib

Zamirə Hacıyeva

Azərbaycan Beynəlxalq Bankının həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Böyük Britaniyadakı əmlakı müsadirə edilib.

Zamirə Hacıyeva 6 illik məhkəmə çəkişməsindən sonra müsadirəyə razılıq verdiyi, əvəzində əmlakın satışından əldə edilən gəlirin 30 faizini geri alacağı bildirilir.

Britaniyanın Milli Cinayət Agentliyinin (NCA) məlumatına görə, müsadirə edilən əmlaklar Londonun zəngin Naytsbric rayonunda yerləşən, təqribən 14 milyon funt sterlinq dəyərindəki ev və London yaxınlığındakı qolf klubudur.

“NCA hesab edir ki, aktivlər bilavasitə irimiqyaslı fırıldaqçılıq və mənimsəmə, saxta uçot və çirkli pulların yuyulması nəticəsində əldə edilib”, Agentlik qeyd edib.

Zamirə Hacıyeva 2018-ci ildə Londondakı Harrods ticarət mərkəzində 10 il ərzində 16 milyon funt sterlinqdən çox pul xərcləməklə gündəmə gəlib. Bundan sonra o, Milli Cinayət Agentliyi tərəfindən araşdırılmağa başlanıb və əmlakları dondurulub.

Hacıyevanın həyat yoldaşı, 20 il ərzində Azərbaycan Beynəlxalq Bankına sədrlik edən Cahangir Hacıyev 2015-ci ildə 4.7 milyard manatlıq mənimsəmədə təqsirli bilinərək 16 illik həbsə məhkum edilib.

NCA bildirib ki, təhqiqatçılar Beynəlxalq Bankdan vəsaitlərin çirkli pulların yuyulması təcrübələrinə uyğun şəkildə çoxsaylı hesablar vasitəsilə köçürülməsinə dair çoxsaylı nümunələr əldə edib.

Belə ki, Britaniyanın Vircin adaları, Panama, Lüksemburq və digər müxtəlif yurisdiksiyalardakı hesablar və şirkətlər şəbəkəsi vasitəsilə köçürülən böyük miqdarda məbləğlər Hacıyev ailəsinin dəbdəbəli aktivlərinə yönəldilib.

Agentlik əlavə edib ki, müdafiə tərəfi hər iki əmlakın alınması üçün istifadə olunan vəsaitin mənbəyi ilə bağlı heç bir əsaslı izahat verə bilməyib və vəsaitin əhəmiyyətli bir hissəsinin Beynəlxalq Bankda aparılan qanunsuz əməliyyatlardan gəldiyini müşahidə etmək olar.

Guardian qəzetinə danışan Zamirə Hacıyevanın vəkilləri onun həbsdə olan ərindən “iş üçün mühüm əhəmiyyət kəsb edən” sənədləri ala bilmədiklərini, nəticədə müdafiənin qeyri-mümkün olduğunu bildiriblər.

Zamirə Hacıyevanın əmlaklarının müsadirəsi Azərbaycan vətəndaşlarının Böyük Britaniyada başına gələn ilk analoji hal deyil.

Bundan əvvəl Britaniyada Azərbaycan prezidenti İlham Əliyevin əmisi Cəlal Əliyevin qızı İzzət Cavadovaya, Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Feyziyevə məxsus hesablardakı 10 milyon dollardan artıq pul qeyri-qanuni yollarla əldə edildiyi üçün məhkəmə qərarı ilə müsadirə edilib.

Hazırda Britaniya məhkəmələrində Feyziyev ailəsinə məxsus 63 milyon dollar dəyərində ölçülən daşınmaz əmlakın müsadirə edilməsi üçün çəkişmələr davam edir.