Avqustun 4-də Tbilisi Şəhər Məhkəməsi hakim Ketevan Caçvadzenin sədrliyi ilə Azel.Tv saytının rəhbəri, azərbaycanlı jurnalist Əfqan Sadıqov barəsində ekstradisiya məqsədi ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Məhkəmədə Əfqan Sadıqova qarşı mayın 10-da Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi qaldırıldığı bildirilib.
Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə bildirib ki, jurnalist hazırda Gürcüstanda istintaq təcridxanasında saxlanılır.
“Bu gün vəkil Dimitri Dito Nozadze təcridxanada Əfqanla görüşəcək”, o qeyd edib.
Vəkil Nodadze bu gün, avqustun 5-də Əfqan Sadıqovla bağlı Tbilisi Şəhər Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.
Sevinc Sadıqova həmçinin Tbilisidə özünün və iki azyaşlı uşağının həyatına təhlükə olduğunu bildirib.
“Hiss edirəm ki, yaşadığım evin ətrafında şübhəli şəxslər gəzir. Burada mənim həyatıma təhlükə var. Uşaqlarım isə qorxu içərisindədir. Tbilisi polisi Əfqanı uşaqlarımızın gözü qarşısında həbs etdi. Bu uşaqlarda çox gərgin psixoloji durum yaradıb. Uşaqları evdə qoyub Əfqanın müdafiəsi üçün çalışa bilmirəm. Sabah, avqustun 6-da bir sıra səfirliklərə sığınacaq üçün müraciət edəcəm”, o qeyd edib.
Sadıqova hesab edir ki, həyat yoldaşına qarşı cinayət işi saxtadır.
Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı jurnalistin Azərbaycan tərəfinin axtarışı əsasında saxlanıldığını bildirib.
“Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin əməkdaşları təhdid və hədə-qorxu ilə tələb etdiyinə görə Azərbaycan Respublikası tərəfindən axtarışda olan Azərbaycan vətəndaşı Əfqan Sadıqovu sonrakı ekstradisiyası məqsədilə saxlayıb. Həmin şəxs 2024-cü ildən axtarışdadır”, Gürcüstan Daxili İşlər Nazirliyi İnterpressnews nəşrinə bildirib.
Bununla yanaşı, Azərbaycan Daxili İşlər Nazirliyi jurnalistin həbsinin səbəbləri ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.
"Gürcüstanın Hüquqları" (Rights Georgia) hüquq-müdafiə təşkilatı Tbilisidə həbs edilən azərbaycanlı jurnalist Əfqan Sadıqovun maraqlarını qoruduğunu elan edib. Bu təşkilat 2017-ci ildə Tbilisidə həbs edilən və Azərbaycan məhkəməsi tərəfindən 6 il azadlıqdan məhrum edilən azərbaycanlı jurnalist Əfqan Muxtarlının maraqlarını da Gürcüstanın Milli Məhkəmələrində və Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edib.
Jurnalistin Tbilsidə saxlanılması Azərbaycan hüquq-müdafiə təşkilatları və bir sıra siyasi partiya rəhbərləri tərəfindən tənqidlə qarşılanıb.
“Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, jurnalist Əfqan Sadıqov bundan əvvəl də iki dəfə həbs olunub, azadlığa buraxılıb.
“Hesab edirəm ki, hazırkı təqib Əfqan Sadıqovun Tbilisidə yaşadığı müddətdə sosial şəbəkələrdə hökuməti sərt tənqid etməsi ilə bağlıdır. Çünki Sadıqovun və həyat yoldaşı Sevinc Sadıqovanın məlumatlarına görə, bir neçə dəfə Bakıdan xəbərdarlıqlar almışdılar. Əgər Əfqan Sadıqov ayrı-ayrı platformalarda hakimiyyəti ünvanlı və kəskin tənqid etməsəydi, cinayət işi başlanmayacaqdı, beynalxalq axtarışa verilməyəcəkdi, gürcü tərəfinə ekstradisiya sorğusu göndərilməyəcəkdi”, o belə düşünür.
Hüquq müdafiəçisinin dediyinə görə, Azərbaycanda hakimiyyətin nəzarətində olmayan media mənsubları ard-arda qurama ittihamlarla həbs edilir.
“Bu da növbətisidir. Sadıqov Bakıya təhvil verilsə, ona əlavə psixi və fiziki zorakılıq tətbiq edilmə ehtimalı da yüksəkdir. Bu, rəsmi Tbilisinin ikinci azərbaycanlı jurnalisti Bakıya təhvil verməsidir. Bundan qabaq jurnalist Əfqan Muxtarlının da oğurlanıb gətirilməsinə Gürcüstanın güc strukturtları rəvac vermişdi”, Səfərov deyib.
Hüquq müdafiəçisi Samir Kazımlı hesab edir ki, Azərbaycanda uzun illərdir tənqidi və müstəqil media basqı altındadır.
“Müəyyən dövrlərdə vəziyyətdən asılı olaraq basqılar gah azalıb, gah da artıb. Ümumillikdə isə Azərbaycan hakimiyyəti üçün müstəqil media arzuolunmazdır. Fürsət düşən kimi hakimiyyət müstəqil mediaya basqıları artırır”, o, Amerikanın Səsinə deyib.
Hüquq müdafiəçisinin fikrincə, ötən ilin noyabrından hakimiyyət növbəti dəfə müstəqil medianın üzərinə basqı etməyə başlayıb.
“Nətəcədə bir neçə jurnalist həbs edildi. 8 aydan çoxdur ki, media üzərində ciddi basqı var və hazırda bu basqı davam edir. Əfqan Sadıqov əvvəllər də həbs edilib və hüquq müdafiəçiləri onun həbsini siyasi motivli hesab ediblər. Hazırda o, Gürcüstanda həbs edilib və Azərbaycana veriləcəyi gözlənilir. Görünən odur ki, onun həbsi Azərbaycan hakimiyyəti tərəfindən sifariş edilib. COP29 öncəsi Azərbaycanda onlarla jurnalistin həbsdə olması ölkə üçün mənfi haldır. Hesab edirəm ki, hakimiyyət jurnalistlərin həbsini dayandırmalı və həbsdə olan jurmalistləri azad etməlidir”, o qeyd edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Facebook səhifəsində yazıb ki, “Əliyev hakimiyyətinin Azərbaycan xalqına qarşı repressiyalarında Gürcüstan hakimiyyəti iştirak etməməlidir”.
“Azərbaycan hakimiyyətinin istəyilə jurnalist Əfqan Sadıqovun Gürcüstanda həbs olunmasını pisləyirəm. Gürcüstan hakimiyyəti vaxtilə jurnalist Əfqan Muxtarlının Tbilisidə qanunsuz həbs edilərək Azərbaycana gətirilməsində Əliyev hakimiyyətinə kömək etməklə öz milli qanunvericiliyini və beynəlxalq hüququ ciddi şəkildə pozmuş və buna görə ciddi beynəlxalq qınağa da məruz qalmışdı. Əfqan Muxtarlıya qarşı vaxtilə edilmiş qanunsuzluq İndi də Əfqan Sadıqova qarşı təkrar edilməməlidir”, o qeyd edib.
Öz növbəsində Azərbaycan rəsmiləri tənqidləri qəbul etmir və ölkədə media azadlığı üçün hər cür şəraitin yaradıldığını bəyan edir. Jurnalistlərin həbsinə gəlincə ölkə rəhbərləri onların “hüquqi araşdırma” çərçivəsində saxlanıldığını bildirir.
Bundan öncə Əfqan Sadıqov iyulun 17-də Gürcüstandan Ankaraya getmək istəyərəkən Tbilisi aeroportunda saxlanılıb. Jurnalist ölkədən xaricə buraxılmasa da, bir qədər sonra sərbəst buraxılıb.
Sadıqov iyulun 17-də Amerikanın Səsinə deyib ki, onu Tbilisi aeroportunda pasport-nəzarət keçidində saxlayıblar.
Jurnalist Amerikanın Səsinə deyib ki, onun Gürcüstan aeroportundan xarici ölkələrə buraxılmaması sifarişini Azərbaycan hakimiyyəti verib.
“Bu, mənim son vaxtlar dərc etdiyim tənqidi yazılar və videolarımla bağlıdır. Hazırda barəmdə hər hansı cinayət işi yoxdur. Lakin hesab edirəm ki, ölkəyə dönsəm tənqidi yazılarıma görə məni də digər juranlistlər kimi şərləyib həbs edəcəklər. Gürcüstanda da təhdidlərə məruz qalmışam. Hətta Azərbaycanda yaşayan ailə üzvlərimi hüquq-mühafizə orqanlarından zəng edib təhdid ediblər. Deyiblər ki, Əfqan tənqidi yazılarını dayandırmasa, ailənin taleyi heç də yaxşı olmayacaq. Bu səbəbdən Gürcüstanı tərk etmək istəyirik”, o qeyd edib.
Əfqan Sadıqov avqustun 3-də Gürcüstan polisi tərəfindən saxlanılıb.
Jurnalist ötən il dekabrın 24-dən Gürcüstanda yaşayır. O, Gürcüstana müalicə üçün getdiyini və sonra təhdidə məruz qaldığından ölkəyə qayıtmasının təhlükəli olduğunu bildirib.
Azel.TV saytının rəhbəri Əfqan Sadıqov bundan öncə 2020-ci ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.
2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. O, həbsxanada 242 gün aclıq edib.
Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.