Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi Amerikanın Səsinə müsahibəsində təmsil etdiyi siyasi partiyanın sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkiləri boykot etməsinin səbəblərindən və seçki prosesindən danışıb.
Amerikanın Səsi: AXCP Milli Məclisə növbədənkənar seçkiləri boykot etmək qərarı verib. Bunun səbəbi nədir?
Seymur Həzi: Azərbaycan Xalq Cəbhəsi Partiyası bir neçə ay əvvəl keçirilmiş prezident seçkiləri haqqında da boykot qərarı verib. Partiya öz məclis qərarında bunu əsaslandırarkən bildirib ki, Azərbaycanda seçkiqabağı mühitin, eyni zamanda sərbəst toplaşmaq azadlığının olmaması, ölkədə 300-dən çox siyasi məhbusun olması, seçki komissiyalarına hökümətin mütləq təsir etməsi, polis orqanlarının seçkiyə aşkar müdaxiləsi, heç bir yarış şəraitinin olmaması, avtoritar rejimin ümumiyyətlə yarış üçün hər hansı bir fürsət yaratmaması və cəhd olunan fürsətləri zorakı yolla boğması AXCP-ni bu qərarı verməyə sövq edib.
Amerikanın Səsi: Bəzi müxalif partiyalar və ekspertlər boykot taktikasının özünü doğrultmadığını deyir. Siz bu fikirləri necə şərh edərdiniz?
Bizim nəticəmiz budur ki, biz hökumətin hansısa bir teatral seçki şousunda iştirak etmirik.
Seymur Həzi: Bilirsiniz, indi bunun əksi də hər hansı bir effekt verməyib. Ona görə də əgər bu rejim davam eləyirsə, kimlərsə tutaq ki, hesab edirlər ki, onun əksi hansısa bir effekt verib, buna dair sübut yoxdur. Hər halda bizim qərarımızın mahiyyəti bundan ibarətdir ki, biz hökümətin şousunda iştirak etmirik. Amma burada iştirak edənlərin də hər hansı bir nəticəsi yoxdur. Bizim nəticəmiz budur ki, biz hökumətin hansısa bir teatral seçki şousunda iştirak etmirik. Əlbəttə, seçkidə iştirak etmək haqqında düşünənlərin də, buna meylli olanların da, olmayanların da özünəməxsus səmimi arqumentləri ola bilər. Bu da çox təbiidir. Amma bizim üzərində durduğumuz reallıq ondan ibarətdir ki, Əliyevlər höküməti bütün hallarda hər hansı bir seçki ilə formalaşmış qurum və ya hakimiyyət qolu tanımırlar. Onlar üçün bir seçici var. Bir siyahı tərtib edən şəxs var. Onun iradəsi ilə formalaşdırırlar.
Amerikanın Səsi: İndiki seçki kampaniyasını necə səciyyələndirərdiniz? Bu seçkilər əvvəlki seçkilərdən nə ilə fərqlənir?
Seymur Həzi: Baxın, Azərbaycan guya hansısa bir seçki prosesindədir. Amma bu günlərdə Azərbaycanda çox qiymətli ictimai xadimlərindən biri Emin İbrahimov həbs olunub. Azərbaycanın ABŞ-dakı səfirliyində katib, Uruqvayda müvəqqəti işlər vəkili olub. Belə bir diplomat və kifayət qədər vətəndaş mövqeyi olan diplomat həbs olunub. Bu, seçki prosesində baş verib. Baxmayaraq ki, Emin bəy özü də seçkidə iştirak etməyə meylli bir adam idi. Bu prosesdə iştirak edənlər və ya etməyənlərin siyasi mövqeyi hökümət kontekstində elə də önəmli deyil. Hökümətə münasibət önəmlidir. Biz hesab edirik ki, bu seçki dönəmində bu həbslər göstərir ki, hökümət hər hansı bir seçki haqqında düşünmür və narahat deyil. Hökemətin belə bir qayğısı yoxdur. Ona görə də biz özümüzə əziyyət verib bir vəziyyəti təhlil eləmək, seçki standartları ilə yanaşmağımız səhv olardı. Bizim yanaşmamız belədir ki, heç bir seçki mühitindən söhbət gedə bilməz. Heç bir yarışdan söhbət gedə bilməz.
Amerikanın Səsi: Seçkilərdən sonra Azərbaycanda hansı ictimai-siyasi prosesləri gözləmək olar?
Seymur Həzi: Mən əvvəlcədən detallı bir proqnoz vermək istəməzdim. Amma məsələ burasındadır ki, Azərbaycanda çox ciddi iqtisadi, sosial böhran gözlənilir. Azərbaycanda istər kənd təsərrüfatı sahəsində, istər neft sektoru sahəsində çox ciddi problemlər var. Bilirsiniz ki, neftin hasilatı düşməyə doğru gedir. Ölkənin maliyyə resursları azalır ki, bunun da çox böyük hissəsi neftdən gələn gəlirlərdir. Qeyri-neft sektoruna sərmayələrin yatırılmadığına görə bir inkişaf yoxdur və Azərbaycan demək olar ki, bu fürsətləri qaçırıb. Bu kontekstdə mən düşünürəm ki, Azərbaycanda seçkidən sonrakı dövrlərdə ciddi sosial-iqtisadi problemlər qaçılmazdır. Hökümət ola bilsin ki, hansısa dolayı yollarla bunun qarşısını almağa çalışacaq. Amma fakt bundan ibarətdir ki, Azərbaycanda sürətli, ciddi inflyasiya var. Bu inflyasiya hətta bu seçki şousu qabağı enerji resurslarının qiymətlərinin qalxmasında, kommunalın qiymətinin qalxmasında, internetin qiymətinin qalxmasında özünü göstərdi. Mən düşünürəm ki, bu proses sonra da davam edəcək.
Amerikanın Səsi: AXCP iqtidarın hazırkı daxili və xarici siyasətini necə qiymətləndirir ? Sizcə bu sahədə hansı islahatlara ehtiyac var ?
Seymur Həzi: Azərbaycan hökümətinin hər hansı bir islahat aparmaq kimi fikir və niyyəti yoxdur. Azərbaycanın gətirdiyi nöqtədən hansısa bir yuxarıdan gələn islahatlarla geri dönmək mümkün deyil. Çünki belə bir siyasi iradə ortada yoxdur. Ancaq nəzəri cəhətdən biz düşünsək ki, belə bir siyasi iradə olsa hansısa bir yol xəritəsi ilə hərəkət eləmək mümkündür. Bu yol xəritəsinin başlanğıcı əvvəlcə ictiami etimaddır. Bu ictimai etimaddan ötrü siyasi məhbuslar azad olunmalıdır. Siyasi azadlıqlar təmin olunmalıdır. “Siyasi Partiyalar haqqında”, “Media haqqında” qanunlar ləğv olunmalıdır. Universal olaraq desək AŞPA qarşısında götürülmüş ilkin öhdəliklər yerinə yetirilməlidir. Bundan sonra ölkənin taleyi ilə bağlı birgə, bərabərhüquqlu hansısa bir açıq və şəffaf dialoq prosesi mümkün ola bilər. Amma hazırkı şəraitdə bu, qəti şəkildə mümkün görünmür. Çünki hökümətin belə bir niyyəti də yoxdur. Açığı Azərbaycan höküməti təkcə cəmiyyətin yox, həm də özünün qapılarını bağlaya-bağlaya gedir.
Qeyd: Bunlar müxalifətdə olan AXCP sədrinin müavininin fikirləridir. Azərbaycan rəsmiləri tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri seçkilərin azad, demokratik ruhda keçirildiyini bildirir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə 22 siyasi partiya namizədi ilə iştirak edir.
Bununla yanaşı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyaları indiyədək Azərbaycanda keçirilən seçkilərin ATƏT standartlarına uyğun olmadığını bildirib.