Accessibility links

ATƏT-in müşahidə missiyası parlament seçkiləri ilə əlaqədar Azərbaycanda fəaliyyətə başlayıb


ATƏT-in müşahidə missiyası parlament seçkiləri ilə əlaqədar Azərbaycanda fəaliyyətə başlayıb
please wait

No media source currently available

0:00 0:01:58 0:00

Avqustun 1-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyası sentyabrın 1-də Azərbaycanda keçiriləcək Milli Məclisə növbədənkənar seçkiləri müşahidə etmək məqsədi ilə seçki müşqahidə missiyasına başladığını elan edib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçiriləcək parlament seçkilərində müşahidə missiyasının rəhbəri Ditmir Buşati bildirib ki, missiyaya seçkilər, hüquq, media və digər sahələr üzrə 11 ekspert, eləcə də 28 uzunmüddətli müşahidəçi daxildir. Onlar avqustun 28-dən Azərbaycanın regionlarında fəaliyyətə başlayacaqlar.

Səsvermə günü ərəfəsində Azərbaycana daha 280 qısamüddətli müşahidəçi gələcək.

“Biz missiyamızı təsbit edilmiş prinsiplərə uyğun həyata keçirəcəyik. Missiyamız seçki prosesini, ona hazırlığı müşahidə edir və biz nəticələri öz hesabatımızda dərc edirik. Seçkinin sonunda isə ilkin qənaətlərimizi açıqlayacağıq. Seçki prosesinin tamamlanmasında sonra yekun hesabat bir neçə ay ərzində dərc olunacaq, bu hesabatda öz tövsiyələrimizi də təqdim edəcəyik. Biz missiyamızı şəffaf şəkildə həyata keçirəcəyik”, Buşati bildirib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyası seçki kampaniyasının bütün aspektlərini, o cümlədən seçki administrasiyalarının bütün səviyyələrdə işini, seçki qanunvericiliyini və onun icrasını, fundamental azadlıqlara əməl olunmasını, seçkilərin media və sosial platformalarda işıqlandırılmasını, həmçinin seçkilərlə bağlı mübahisələrin həllini izləyəcək.

Müşahidəçilər Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun əvvəlki tövsiyələrinin icra vəziyyətini də qiymətləndirəcəklər.

Missiyanın ilkin rəyi sentyabrın 2-də açıqlanacaq və bir neçə ay sonra yekun hesabatın elan edilməsi planlaşdırılır.

Əvvəlki seçki komissiyalarından fərqli olaraq, bu dəfə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu aralıq hesabatı açıqlamağı planlaşdırmır.

Daha sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyası jurnalistlərin suallarını cavablandırıb.

Hökumətin Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasını dəvət etməməsi seçkilərin şəffaflığına necə təsir edəcək?

Bu sualın cavabında Buşati şərh verməkdən yayınaraq deyib ki, o, ancaq Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasının adından danışmaq səlahiyyətinə malikdir.

O qeyd edib ki, Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu digər müşahidəçilərlə mümkün qədər çox əməkdaşlığa hazırdır, lakin seçkiləri öz prinsipləri, standartları və meyarları əsasında qiymətləndirəcək.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin olunub.

Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində boykot qərarı verən Azərbaycan Xalq Cəbhəsi Partiayası istisna olmaqla, ölkədəki siyasi partiyaların hamısı iştirak edir.

Milli Məclisə ölkə üzrə 125 seçki dairəsindən deputatlar seçilir. Nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi avqustun 2-də başa çatacaq.

Forum

XS
SM
MD
LG