53 gündür aclıq edən İstanbul Universitetinin doktorantı Fazil Qasımovun səhhəti ağırlaşmaqda davam edir. Hazırda Azərbaycanda Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan Qasımov “ədalətsiz həbsinə” etiraz edir. O, aclığı sonadək davam etdirmək əzmində olduğunu bildirib.
Bu barədə onunla avqustun 5-də telefon danışığından sonra qardaşı Nazim Qasımov Amerikanın Səsinə deyib.
“Qardaşımın demək olar ki, səsi çıxmır, artıq xırıldaya-xırıldaya danışır. Ümumi durumu çox ağırdr. Müalicə müəssisəsində ayrıca otaqda saxlanılır, nəzarət var. Amma həkim hər gün onun arterial qan təzyiqini, nəbzini, bədən hərarətini və çəkisini ölçmür. Həkim yalnız Fazil dəvət edəndə onu müayinə edir. Bu səbəbdən o qan təzyiqi, çəkisi, bədən temperaturu barədə məlimatsızdır. Sonuncu dəfə onun çəkisi 49 kiloqram olub (Təcridxanaya daxil olanda çəkisi 67 kiloqram olub). Fazil başında, böyrəsində kəskin ağrlar olduğunu, ürəyində sancmalardan əziyyət çəkdiyini dedi. Onun ayaqlarında da ağrılar baş qaldırıb”, Nazim Qasımov qeyd edib.
Ədliyyə Nazilriyinin 2012-ci dekabrın 29-da qəbul etdiyi həbs yerlərində tam aclıq aksiyası keçirən şəxslərlə bağlı təlimatına görə məhkumların şəkər qəbul etməsinə icazə verilir.
“Bu səbəbdən Fazil artıq ötən həftə içdiyi suya bal qataraq qəbul edib. Ötən həftə ona 300 qram bal verməyimizə icazə verdilər”, o qeyd edib.
Bununla yanaşı Penitensiar Xidmətin Müalicə müəssisəsindən Qasımovun səhhəti ilə bağlı məlumat almaq mümkün olmayıb.
1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanılan Fazil Qasımovun iyulun 26-na keçən gecə aclıq etməsi ilə bağlı səhhəti kəskin pisləşdiyindən Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.
Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.
Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
O, iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.
“Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim”, o əlavə edib.
Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-nə qədər həbsdə qalıb.
Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.
İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.
Hazırda Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata ayrılıb.
“Fazil Qasımovun işi ilə bağlı Anar Əliyev adlı şəxs də həbsdədir. O, Qasımova qarşı ifadə verib. Hər iki şəxsin işinə eyni məhkəmə prosesində baxılacaq”, vəkil Rövşanə Rəhimli Amerikanın Səsinə deyib.