Azərbaycanda parlament seçkilərində 881 nəfərin deputatlığa namizədliyi qeydiyyata alınıb

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 881 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) avqustun 3-də keçirilən iclasında bu qurumun sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, ümumilikdə 1 508 nəfər namizədlik üçün müraciət edib.

“590 nəfər 22 siyasi partiyadan irəli sürülüb. 1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub. Onlardan 1420 nəfərə imza vərəqi verilib, 1191 nəfər isə imza vərəqələrini Dairə Seçki Komissiyalarına qaytarıb”, o qeyd edib.

Pənahovun sözlərinə görə, sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 26 ölkə və səkkiz qurumdan ümumilikdə 99 beynəlxalq müşahidəçi qeydə alınıb.

MSK sədri bildirib ki, seçkilərlə əlaqədar 14 506 yerli müşahidəçi qeydiyyatdan keçib. Bu müşahidəçilərdən 5 477 nəfəri MSK-da, 9 029-ü isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib.

Prezident İlham Əliyev sentyabrın 1-də növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.

Azərbaycanda Konstitusiyaya əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildən bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir. Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir.

Bundan öncəki parlament seçkisi və son iki prezident seçkiləri növbədənkənar keçirilib.