İranda güclü istilərin avqustun 10-dək davam edəcəyi bildirilir və isti hava şəraitindən dolayı ölkədə elektrik enerjisi istehlakı rekord həddə çatıb.
Elektrik enerjisi sənayesinin sözçüsü bildirib ki, iyulun 24-də elektrik enerjisi istehlakı ötən ilin eyni dövrü ilə müqayisədə 8,8%-dən çox artıb.
İranın Enerji İstehsal və Paylama Şirkətinin (Tavanir) direktoru iyulun 24-də elektrik istehlakının 79 min 189 meqavata çatdığını açıqlayıb. İstehlakın bu artımı ölkənin elektrik şəbəkəsinə "indiyədək görünməmiş" əlavə təzyiq yaratdığını da bildirdi.
SEE ALSO: Cavad Rəhməti: Təbrizdə elektrik istehsalı böhranlı vəziyyətdədirBu gün Təbrizdə cümə namazından sonra Təbriz İmam Cüməsi Əhməd Mütəhhəri əhalini elektrik istehlakında qənaət etməyə dəvət edib. "Evlərin elektrik enerjisinin təmin edilməsi, ölkədə kifayət qədər elektrik enerjisinin olması demək deyil. Evlərdə problemlərin qarşısını almaq üçün bir neçə istehsal sənayesi bağlanır və bu bağlanmalar hökumətə və özəl sektora milyardlarla ziyan vurur." deyə, Mütəhhəri bəyan edib.
Təbriz İmam Cüməsinin sözləri ölkənin elektrik enerjisinə olan tələbatının təmin edilməsində mühüm problemdən xəbər verir.
Enerji istehlakını idarə etmək üçün Şərqi Azərbaycan Valiliyi dövlət idarələrinin iş saatlarını dəyişib. Valiliyin verdiyi məlumata görə, iyulun 24-ü çərşənbə günü bütün vilayət idarələrinin (xidmət, yardım bölmələri istisna olmaqla) bağlanma vaxtı günorta 12-yə təyin edilib.
Şərqi Azərbaycan Valiliyinin dövlət idarələrinin iş saatlarını azaltmaq üçün atdığı bu addım da vilayətdə elektrik enerjisinin böhranından xəbər verir.
Yerli xəbər mənbələrinin sosial mediada yaydığı məlumata görə, dünən iyulun 25-də Təbrizin bəzi məhəllələrində elektrik kəsilib. Bəzi məhəllələrdə isə elektrik kəsilməsi bir neçə saat davam edib.
"Ölkənin isti hava iqliminə malik olan bölgələrində belə elektrik enerjisinin kəsilməsi nadir hallarda baş versə də, burada Təbrizdə bir neçə saat elektrik enerjisinin kəsilməsinin şahidi oluruq.” -deyə əhali yerli xəbər portallarına bildirib.
Qısa müddətdə iş saatlarının dəyişdirilməsi və əhalini elektrik istehsalına qənaət etməyə dəvət etmək elektrik çatışmazlığı problemini aradan qaldırsa da, gələcəkdə belə böhranların təkrarlanmaması üçün elektrik enerjisinin istehsalı və paylanması infrastrukturuna, bərpa olunan enerjinin inkişafına, sənaye və məişət sahələrində enerji səmərəliliyinin artırılmasına uzunmüddətli investisiyaların qoyulmasına ehtiyac var.
Qurulması gündən 40 ilə yaxın zaman keçdikdən sonra Təbriz istilik elektrik stansiyası 4 onillik əvvələ aid avadanlıq və texnologiya ilə işləməyə davam edir.
Şərqi Azərbaycanın keçmiş valisi mərhum Malik Rəhməti mart ayında Təbriz İES-ə baş çəkdikdən sonra jurnalistlərə bu elektrik stansiyasının ildə təxminən 10 milyon kubmetr su sərf etdiyini və avadanlığının yenilənməsi üçün 60 milyard tümənə ehtiyac olduğunu bildirmişdi.
Ötən illərdə Təbrizdə elektrik enerjisinin verilişində davamlı olaraq fasilələr yaranırdı və elektrik şirkəti əhaliyə günlük elektrik kəsinti qrafikini təqdim edirdi.
Artıq bir neçə onilliklər ərzində Şərqi Azərbaycan vilayətində enerji məsələsində infrastrukturun modernləşdirilməsi üçün dövlət tərəfindən heç bir təsirli addım atılmayıb.
İran Azərbaycanında enerji təchizatı vəziyyəti daha pis olsa da, enerji böhranı bütün İranla bağlıdır. Ümumiyyətlə, İranda elektrik stansiyaları köhnə texnologiyaları ilə işləyir və köhnəlmə səbəbindən məhsuldarlığın azalması çox yüksəkdir. Enerji naziri Əli Əkbər Mehrabiyanın bugünkü açıqlamalarına görə, təmir üçün şəbəkədən ayrılan 6 elektrik stansiyasının hamısı sabaha qədər şəbəkəyə qoşulacaq.