ABŞ Senatorları Azərbaycan hökumətini Qubad İbadoğlunu azadlığa buraxmağa çağırır

Qubad İbadoğlu

Səkkizi Demokrat, ikisi Respublikaçı olmaqla on ABŞ senatoru - Kris Kuns (Delaver), Tom Tillis (Şimali Karolina), Ben Kardin (Merilend), Con Kornin (Texas), Dik Durbin (İllinoy), Tim Keyn (Vircinia), Kori Buker (Nyu Cersi), Meyzi Hirono (Havay), Alek Padilla (Kaliforniya) və Con Fetterman (Pensilvaniya) iyulun 23-də bəyanatla çıxış edərək Azərbaycan hökumətini iqtisad elmləri doktoru Qubad İbadoğlunu azadlığa buraxmağa çağırıb.

“Bu gün Azərbaycan hökumətinin dünyada tanınmış iqtisadçı alim, Amerika universitetləri ilə yaxın əlaqələri olan, akademik Qubad İbadoğlunu saxta xarici valyuta hazırlamaq və ekstremist materiallar saxlamaq ittihamı ilə haqsız yerə həbs etməsinin bir ili tamam olur. Bir il ötsə də Azərbaycan hakimiyyəti doktor İbadoğlunu hələ də hüquqi məsləhət, ədalətli məhkəmə və ya əsas tibbi qayğı ilə təmin etməyib. Biz doktor İbadoğlunun Azərbaycanda pis rəftarla və qeyri-insani şərtlərlə, o cümlədən səhhətinin pisləşməsinə baxmayaraq müvafiq tibbi yardıma çıxışının təmin edilməməsi ilə ilə üzləşdiyi üçün onun hazırkı durumundan çox narahatıq", sənəddə qeyd edilir.

Senatorlar bildirir ki, Azərbaycandakı bir çox insan hüquqları müdafiəçiləri kimi, doktor İbadoğlu həm vətənində, həm də yaşayıb-işlədiyi ABŞ-da demokratiyanın, yaxşı idarəçiliyin və insan haqlarının təşviqinə yorulmaz sadiqlik nümayiş etdirib.

"Biz Azərbaycan hakimiyyətinin doktor İbadoğluna qarşı rəftarını qətiyyətlə pisləyir və onu həyat yoldaşı İradə və övladları Jalə, İbad və Eminlə qovuşmaq üçün dərhal və birmənalı şəkildə azadlığa buraxmağa çağırırıq”, müraciətdə qeyd edilir.

Bundan öncə də Senatorlar Kuns, Tillis və həmkarları tanınmış iqtisadçı Qubad İbadoğlunun dərhal azadlığa buraxılması üçün ikitərəfli çağırışla çıxış ediblər və Azərbaycanda insan haqlarının vəziyyətindən narahat olduqlarını bildiriblər. Senatorlar Kuns və Tillis həmçinin Senatın İnsan Hüquqları üzrə Qrupunun həmsədrləridir.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu 2023-cü ilin iyulun 23-də həbs edilib.

Yaxınları onun saxlanılarkən zorakılığa məruz qaldığını, həbsdə olduğu müddətdə zəruri tibbi yardım alması üçün şərait yaradılmadığını və nəticədə səhhətində ciddi problemlərin yarandığını bildiriblər.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.

Qubad İbadoğlu ona qarşı irəli sürülən ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.