BMT İnsan Hüquqları Şurasının 56-cı sessiyası çərçivəsində iyulun 9-da Cenevrədə keçirilən paralel tədbirdə Xəzər dənizi ölkələrində, o cümlədən Azərbaycanda insan hüquqlarının, sərbəst toplaşmaq və birləşmək azadlığının vəziyyəti müzakirə edilib.
Tədbirdə Azərbaycandakı vəziyyətlə bağlı çıxış edən jurnalist və siyasi şərhçi Rauf Mirqədirov sərbəst toplaşmaq azadlığının tamamilə məhdudlaşdırıldığını, siyasi partiyaların və vətəndaş cəmiyyəti təşkilatlarının sərbəst fəaliyyətinin qarşısının alındığını, müxalifət partiyalarına mitinq və nümayişlərin qadağan olunduğunu bildirib.
“Vəziyyət absurdluq həddinə çatıb. Hakimiyyət kütləvi aksiyalara qətiyyən icazə vermir. İcazəsizləri isə dağıdırlar. Digər tərəfdən, Xarici İşlər Nazirliyi bəyanat yayaraq Fransanı fransız xalqının sərbəst toplaşmaq və dinc nümayiş keçirmək hüququna hörmət etməyə çağırır”, Mirqədirov vurğulayıb.
Rauf Mirqədirov, həmçinin, son aylarda Azərbaycanda jurnalistlərin və insan hüquqları fəallarının kütləvi həbsinə, müstəqil vətəndaş cəmiyyəti təşkilatlarına qarşı təzyiqlər, o cümlədən onların maliyyə resurslarından məhrum edilməsi barədə danışıb.
“Siyasi partiyalar və qeyri-hökumət təşkilatları həm daxili, həm də xarici maliyyə mənbələrindən tamamilə məhrumdurlar. Əvvəlcə bütün QHT-lərin xarici donorlardan aldığı qrantlardan vergi tutulurdu. Daha sonra onlar bütün xarici donorları fəaliyyətlərini dayandırmağa və Bakıdakı ofislərini bağlamağa məcbur etdilər. Sonra QHT-lər bütün qrantları Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməyə məcbur oldular. Və nazirliyə səlahiyyət verilib ki, konkret layihənin icrasını yersiz elan etsin, yəni QHT-lərin qrant almasını qadağan etsin”, Rauf Mirqədirov Azərbaycandakı vəziyyəti təsvir edərkən deyib.
O, əlavə edib ki, iqtisadi azadlıq olmadığından müstəqil QHT-lər üçün ölkədaxili maliyyə mənbələri mövcud deyil. Digər tərəfdən yalnız hökumətə yaxın olan təşkilatlar hökumətin yaratdığı fonddan yararlanan bilir.
Tədbirdə Azərbaycanın BMT-nin bu ilki İqlim Dəyişikliyi Konfransı, COP29-a evsahibliyi etməsinə diqqət çəkilərək Azərbaycan hökumətinə insan hüquqları üzrə beynəlxalq öhdəliklərinə hörmət etməsi ilə bağlı çağırış edilib.
BMT-nin dinc toplaşmaq və birləşmək azadlığı hüquqları üzrə xüsusi məruzəçisi Cina Romero noyabr ayında keçiriləcək COP29 öncəsi Azərbaycanda insan hüquqlarının və sərbəst toplaşmaq azadlığının vəziyyətinin, iqlim dəyişikliyi ilə bağlı ictimai vəkillik cəhdlərinin qarşının alınması ilə bağlı xəbərlərin narahatlıq doğurduğunu qeyd edib.
“İnsan hüquqlarının, toplaşmaq və birləşmək azadlığına ciddi məhdudiyyətlər qoyan ölkələrin BMT ilə bağlı konfransların keçirildiyi yer və ya ev sahibi kimi seçilməsinə davam edilməməlidir”, Cina Romero deyib.
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) və İnsan Hüquqları İnstitutunun (İHİ) təşkil etdiyi tədbirdə Azərbaycanla yanaşı Rusiya, Türkmənistan və Qazaxıstanda insan hüquqlarının vəziyyəti müzakirə edilib.