Şərqi Azərbaycan İslahatçılar Cəbhəsinin sədri Səid Purşərifi 7 iyul bazar ertəsi günü mətbuat konfransında cəbhə tərəfindən "plüralizmin rəsmiyyətə tanınması" və bu cəbhədə diskursun dəyişdirilməsinin vacibliyini qeyd edib.
İran mediasının verdiyi məlumata görə, Şərqi Azərbaycan İslahatçılar Cəbhəsinin sədri mətbuat konfransında Azərbaycan xalqının əsas tələbinin dövlət kabinetində "türk dilli nazirin" təyin edilməsi olduğunu qeyd edərək, bu tələbi də prezidentə çatdırdıqlarını bildirib.
Purşərifi İranın mərkəzində yerləşən vilayətlər, o cümlədən Kirman, Yəzd və İsfahan əhalisinin keçmiş prezident İbrahim Rəisi hökuməti dövründə bu regionlarda geniş sərmayə qoyuluşları və infrastruktur inkişafı baş verdiyi üçün digər namizəd Səid Cəliliyə daha çox səs verdiyini bildirib.
SEE ALSO: Məsud Pezeşkiyan Təbrizdə Urmiyə gölünü xilas edəcəyinə söz verib"Pezeşkian Ruhani dövründən daha çətin şəraitdə vəzifəyə başlayıb və hər halda ondan gözləntilər yüksəkdir və islahatçılar cəbhəsi ilk növbədə Azərbaycanın tələblərinin həyata keçirilməsi, növbəti addımda isə Pezeşkianın uğuru üçün çalışmalıdır ki, Azərbaycanın iqtisadiyyatına əsaslı təkan verilsin" -deyə, Purşərifi bəyan edib.
Yəzd və Kirman vilayətlərinin iqtisadiyyatının sürətlə inkişaf etdiyini bildirən islahatçı siyasi fəal bildirib ki, "İsfahanın Mübarəkə Polad Şirkəti hər il Tehran bələdiyyəsinə böyük məbləğlər ötürür, halbuki Təbriz bələdiyyəsində belə qaynaqlar yoxdur və belə tədbirlər şəhərimiz üçün çox vacibdir."
Purşərifinin çıxışının bu qismi rəsmi və yarı-rəsmi olan İRNA və İSNA xəbər agentliklərində əks olunmayıb, lakin bəzi yerli saytlar onun bu ifadələrini dərc edib.
Şərqi Azərbaycan İslahatçılar Cəbhəsinin seçki qərargahının sədri Həsən Purəzim Pezeşkianın ən çox səs topladığı vilayətlərin "türk dilli vilayətlər" olduğunu qeyd edib. "Məsud Pezeşkian Qərbi və Şərqi Azərbaycan, Ərdəbil, Kürdüstan, Kirmanşah və Sistan və Bəlucistan vilayətlərində rəqibi Səid Cəliliyə nisbətən ən çox səs toplayıb."
Həsən Purəzim bildirib ki, hökumətin əsas prioriteti Sistan və Bəlucistan və Xuzistan kimi vilayətlərdə məhrumiyyətləri aradan qaldırılmaqdır.
Bəzi siyasi fəallar hesab edir ki, Məsud Pezeşkian seçki kampaniyası zamanı ölkədə etnik və dini azlıqlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması və azlıqlara ədalətli yanaşılması diskursuna əsaslanaraq qeyri-fars etnik qrupların səsini qazana bilib.
İran Daxili İşlər Nazirliyinin nəşr etdiyi statistikalara görə, prezident Məsud Pezeşkian ən çox səsləri İran Azərbaycanı, Kürd və Bəluc azlıqların yaşadığı vilayətlərdən toplayıb. O, seçki kampaniyası müddətində türkcə və kürdcə çıxışlar edib.
Şərqi Azərbaycan vilayətində seçkinin ikinci turunda seçici fəallığı 44%-dən 62% -ə çatıb. Beləliklə, ikinci turda 600 min çox səs verilərək, böyük əksəriyyəti Məsud Pezeşkiana verilən səslər olub. Vilayətdə 1 milyon 600 mindən çox səs verilib və bunların 85%-dən çoxu Pezeşkiana verilmiş səslərdir.
Bəzi siyasi fəallar yeni prezidentin hakimiyyəti dönəmində siyasi və iqtisadi vəziyyətin yaxşılaşması ehtimalının olduğunu düşünsələr də, tənqidçilər sistemdə olan güc mərkəzləri və prezidentin səlahiyyətlərinin məhdudiyyətlərinə işarə edərək, gələcəkdə ciddi dəyişikliklərin həyata keçirilməsinin mümkün olmadığını bildirirlər.