İyulun 2-də Bakı Apellyasiya Məhkəməsində Kanal 13 İnternet Televiziyasının rəhbəri Əziz Orucovun həbs müddətinin uzadılmasından şikayət təmin edilməyib.
Şikayət Orucovun və televiziyanın əməkdaşı Şamo Eminovun həbs müddətinin daha 3 ay, sentyabrın 27-dək uzadılması ilə bağlı Səbail Rayon Məhkəməsinin 25 iyun tarixli qərarından verilib.
Vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib ki, proses zamanı Orucov deyib ki, onun həbs edilməsi və həbsdə saxlanılması qanunsuzdur.
Orucov "xarici valyuta qaçaqmalçılığı" ilə bağlı ittihamların əsassız olduğunu deyib, bunun səhih sübutlarla təsdiqlənmədiyini bildirib.
O deyib ki, cinayət işi saxtalaşdırılıb və o, jurnalist fəaliyyətinə görə təqib olunub.
Vəkil Mehdiyev qeyd edib ki, həbs müddətinin uzadılması ilə bağlı müdafiə tərəfi jurnalistin həbsinə dair əvvəllər verilmiş şikayətə əlavə olaraq Avropa İnsan Hüquqları Məhkəməsinə materiallar göndərmək niyyətindədir.
Bu iş üzrə digər müttəhim Şamo Eminovun apellyasiya şikayətinə iyulun 3-də baxılacaq, onun vəkili Elçin Sadıqov deyib.
Kanal 13 internet televiziyasının rəhbəri Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb.
Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.
Dekabrın 11-də məhkəmə qərarı ilə Azərbaycanda Kanal 13-ün internet səhifəsinə giriş məhdudlaşdırılıb.
Kanal 13 internet televiziyasının əməkdaşı Şamo Eminov isə ötən ilin dekabrında həbs olunub və barəsində qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb.
Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.
Azərbaycan rəsmiləri isə bu cür çağırışları və tənqidləri “Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə” kimi qiymətləndirir və Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının tam təmin edildiyini qeyd edir.