Gilan vilayətində yerləşən Astara şəhərinin meri, sosial şəbəkələrdə İbrahim Rəisinin helikopter qəzasında həyatını itirməsi ilə bağlı məzmun paylaşan bir neçə nəfərin həbs edildiyini açıqlayıb.
Astaranın meri Məhəmmədrza Şahabzadə İRNA xəbər agentliyinə bildirib ki, bu şəxslər şəhər əhalisinin helikopterin qəzaya uğramasına sevindiklərini göstərən video paylaşıblar.
Astara şəhər rəsmisinin sözlərinə görə, həmin şəxslər təhlükəsizlik qüvvələrinin araşdırmalarından sonra müəyyən edilib və keçmiş prezidenti daşıyan helikopterin qəzaya uğraması nəticəsində ölənlərin 40-cı günündə həbs ediliblər.
Şahabzadə onu da iddia edib ki, həmin şəxslər helikopter qəzasında həlak olanlarla bağlı şəhərdə asılan plakatları yandırıb, lentə alıb, sosial şəbəkələrdə paylaşıblar.
Rəsmi həbs edilən şəxslərin neçə nəfər olduğunu və kimliklərini açıqlamayıb.
İran mediası və insan haqları sahəsində fəaliyyət göstərən media, hadisə ilə bağlı məzmun paylaşan fəalların və adi vətəndaşların təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyini bildirir.