Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Anar Məmmədlinin ailə üzvlər 1 saylı Baki İstintaq Təcridxanasında onunla görüşdən sonra bildirib ki, Məmmədli qapalı yerdə saxlandığı üçün xəstəliklərinin daha da artığı müşahidə edilir.
“Anar Məmmədli həbs olunmazdan əvvəl Brequal inhalyasiya tələb edən xroniki obstruktiv bronxitdən (tənəffüsün çətinləşməsi və təngənəfəsliklə müşayiət olunan həyat üçün təhlükə yaradan ağciyər xəstəliyi) müalicə olunurdu. Həbsdən sonra onun səhhəti hazırkı havasız saxlanma şəraitində daha da pisləşməkdə davam edir. Nəfəs darlığı və boğulma tutmalarından əziyyət çəkir”, o qeyd edib.
Ailə üzvü bildirib ki, Məmmədliyə həmçinin həbsindən iki il əvvəl L4-L5 intervertebral diskin arxa geniş əsaslı yırtığı və L5-S1 fəqərəarası diskin arxa sağ tərəfli protruziyasi diaqnozu qoyulub.
“Hazırkı saxlanma şəraitində onun xəstəliyi üçün düzgün olmayan yataqlar Məmmədlidə şiddətli ağrılara səbəb olur. Məmmədlinin saxlandığı şərait onun normal gəzintisinə, hava almasına imkan vermir. Şiddətli ağrılarını qismən azalda bilən özünün ortopedik yataq dəstinin isə təcridxana rəhbərliyi tərəfindən Məmmədliyə verilməsinə icazə verilmir. Heç bir əsaslı səbəb göstərilmədən seçilmiş həbs qətimkan tədbiri nəticəsində həbsdə saxlanılan Məmmədli sağlamlıq vəziyyətinə adekvat olmayan şəraitdə və şərtlərlə saxlanılır. Anar Məmmədli dərhal azad edilməli və müalicəsini davam etdirməlidir", onun ailə üzvü bildirib.
Öz növbəsində, Penitensiar Xidmət Anar Məmmədlinin ailə üzvünün dediklərinə hələ münasibət bildirməyib.
Anar Məmmədli aprelin 29-da saxlanılıb. Aprelin 30-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bir sıra beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.
Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir.
Məmmədli ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq seçki monitorinq missiyasının tərkibində Türkiyə, Əfqanıstan, Almaniya, Norveç, Ukrayna, Gürcüstan, Qırğızıstan və Albaniyada keçirilən seçkilərin müşahidəsində iştirak edib.
Məmmədli bundan öncə 2013-cü il dekabrın 17-də həbs olunub. O, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, seçki və referendumun nəticələrini saxtalaşdırmaqda ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məmmədli itiihamı qəbul etməyib və Amnesty International təşkilatı tərəfindən vicdan məhbusu elan edilib.
O, 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Anar Məmmədli 2014- cü il sentyabrın 29-da Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Vatslav Havel mükafatına layiq görülüb.