Jurnalist Cəmil Məmmədlinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.
Vəkil Fariz Namazlının Amerikanın Səsinə verdiyi məlumata görə, bu barədə hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Onun sözlərinə görə, məhkəmə online qaydada olub. Məhkəmə jurnalist Cəmil Məmmədlinin həbsini qüvvədə saxlayıb.
Vəkil qeyd edir ki, jurnalist bir daha həbsinin jurnalist fəaliyyətinə görə olduğunu qeyd edib.
Aprelin 17-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsi hakim Fəhmin Hümbətovun sədrliyi ilə jurnalist Cəmil Məmmədlinin cəzasını ümumi rejimli koloniyada çəkməklə 6 il 12 gün həbsə məhkum edib.
Jurnalist Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə), 178.2 (dələduzluq, eyni əməllər bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilirdi. Məhkəmə Cinayət Məcəlləısinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi üzrə bəraət verib. O, digər iki maddə ilə təqsirli bilinib.
Cəmil Məmmədli ittihamları qəbul etmədiyini bildirib və məhkəmədən bəraət istəyib.
Cəmil Məmmədli regionda fəaliyyət göstərən jurnalistdir. O əvvəllər Azadlıq Radiosunun əməkdaşı olub. Jurnalist bir müddət əvvəl Quba rayon İcra Hakimiyyətinin başçısının şikayəti üzrə təhqirə görə islah işləri cəzasına məhkum olunub. 2023-cü ilin əvvəlində ona qarşı böhtan və təhqir ittihamı ilə bir neçə məhkəmə işi başlanıb. Jurnalistə həmçinin xuliqanlığa görə cinayət işi açılıb.
Məmmədli bütün ittihamları rədd edib, təzyiqlərin onu susdurmağa, sıradan çıxarmağa xidmət etdiyini bildirib.
Vəkil Fariz Namazlı müdafiə çıxışında bildirib ki, məhkəmədə ittihamlar sübuta yetirilməyib və şikayətçilərlə barışıq əldə olunduğundan jurnalistə bəraət verilməli, o, azadlığa buraxılmalıdır.
Məhkəmə ötən il avqustun 24-də jurnalist barədə həbs qətimkan tədbiri seçib.