Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyunun 20-də Azərbaycanla bağlı növbəti qərarını elan edib. Məhkəmə həbsxana əməkdaşlarının vəkil Fariz Namazlının üzərində axtarış aparmasını qanunsuz hesab edib.
Fariz Namazlı 2018-ci ilin avqust ayında Qobustan həbsxanasında saxlanılan məhkumla görüşə gedərkən onun üzərində axtarış aparılıb, sənədləri yoxlanılıb. Namazlı həmçinin müvəkkilinin ona verdiyi yazılı izahatın mühafizəçilər tərəfindən götürüldüyünü və qaytarılmadığını bildirib.
“Onların bu hərəkətinin qanunsuz hesab edilməsi ilə bağlı verdiyim şikayətlər yerli məhkəmələr tərəfindən təmin edilməyib. Avropa Məhkəməsi qərarda qeyd edib ki, vəkilin sənədlərinin senzuradan keçirilməsi qanunvericilikdə nəzərdə tutulmayıb, ona görə də məhkəmə hesab etdi ki, Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan hüquqlarım pozulub”, Namazlı bildirib.
Vəkil AİHM qarşısında Avropa İnsan Hüquqları Konvensiyasının (Konvensiya) 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) və 13-cü (effektiv hüquqi müdafiə hüququ) maddələrinə əsaslanaraq, üzərində axtarış aparılmasının, xüsusilə, sənədlərinin yoxlanılmasının, götürülməsinin qanunsuzluğundan və milli məhkəmələrin onun şikayətlərini mahiyyəti üzrə araşdırmamasından şikayət edib.
Azərbaycan Cəzaların İcrası Məcəlləsinin 75-ci maddəsinə istinad edən Azərbaycan hökuməti isə iddia edib ki, Namazlının üzərində axtarış aparılması Konvensiyanın 8-ci maddəsinə müdaxilə olsa da, axtarış “qanunla müəyyən edilmiş qaydada” aparılıb.
“Demokratik cəmiyyətdə cinayətin və iğtişaşların qarşısının alınması məqsədi ilə obyektiv təhlükəsizlik baxımından həbsxanalara daxil olan şəxslərin yoxlanılması zəruridir”, hökumət tərəfi əlavə edib.
Avropa Məhkəməsi bu gün elan etdiyi qərarında qeyd edib ki, həbsxanada müvəkkili ilə görüşündən əvvəl və sonra ərizəçinin sənədlərinin yoxlanılması, daxili qanunvericilikdəki təsnifatından asılı olmayaraq, Konvensiyanın 8-ci maddəsi üzrə ərizəçinin “şəxsi həyatına” müdaxilə təşkil edib.
Məhkəmə həmçinin bildirib ki, Cəzaların İcrası Məcəlləsinin sözügedən maddəsi sui-istifadə və ya özbaşınalığa qarşı təminatları müəyyən edən aydın və detallı qaydaları özündə ehtiva etmir.
“Cəzaların İcrası Məcəlləsinin müvafiq müddəalarının hökumətin iddia etdiyi kimi ərizəçinin yoxlamaya məruz qalmasının hüquqi təməlini təşkil etdiyini fərz etsək belə, Avropa Məhkəməsi belə bir ümumi müddəanın Konvensiyanın 8-ci maddəsinin işığında qanunun keyfiyyəti tələbinə cavab vermədiyi qənaətindədir. Bununla əlaqədar olaraq Məhkəmə, vəkillərlə müvəkkilləri arasındakı mübadilələrin Konvensiyanın 8-ci maddəsi çərçivəsində gücləndirilmiş qorumanın və bu kontekstdə hər hansı tədbirin tətbiqi üçün ciddi çərçivənin təmin edilməsi ehtiyacına diqqəti yönəldir”, qərarda qeyd edilir.
Beləliklə, AİHM müdaxilənin “qanunla müəyyən edilmiş qaydada” aparıldığını hesab etməyib və Konvensiyanın 8-ci maddəsinin pozulduğu qənaətinə gəlib.
Qərara əsasən, hökumət Fariz Namazlıya mənəvi zərər əvəzi olaraq 4,500 avro, digər xərclərə görə isə 39 avro təzminat ödəyəcək.