Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyunun 13-də açıqladığı qərarında Azərbaycanda AzadlıqRadiosu və digər 3 xəbər saytına girişin məhdudlaşdırılmasını ifadə azadlığı hüququnun pozuntusu kimi tanıyıb.
AzadlıqRadiosunun saytı azadliq.org, habelə anaxeber.az, az24saat.org və xural.com xəbər portallarına giriş 2017-18-ci illərdə məhkəmə qərarı ilə bloklanıb.
Azərbaycan Baş Prokurorluğu və bloklanmanı həyata keçirən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (hazırkı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) xəbər saytlarını “zorakılıq və dini ekstremizmi təbliğ etməkdə”, “kütləvi iğtişaşlara çağırmaqda” və digər qanunsuz fəaliyyətlərdə günahlandırırdı.
Yerli məhkəmələrin saytların bloklanması ilə bağlı qərarı qüvvədə saxlamasından sonra ərizəçilər Avropa Məhkəməsinə müraciət edib. Onlar AİHM qarşısında iddia ediblər ki, bloklama hansısa qanunsuz məzmunun yayılmasının önlənməsi məqsədi yox, hökuməti tənqid edən məzmunların, o cümlədən korrupsiya ilə bağlı araşdırmaların yayılmasının qarşısını almaq məqsədi daşıyıb.
Strasburq məhkəməsi bu gün ərizəçilərə münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının (Konvensiya) 10-cu maddəsi ilə qorunan ifadə azadlığının pozulduğunu bildirib.
Qərara əsasən, hökumət dörd ərizəçinin hər birinə 5 min avro mənəvi zərər əvəzi, ərizəçilərdən anaxeber.az, az24saat.org və xural.com saytlarının rəhbərlərinə hüquqi xərclər əvəzi 1000 avro təzminat ödəməlidir.
Avropa Məhkəməsi bu gün həmçinin “Mustafayev və başqaları Azərbaycana qarşı” işi üzrə qərarını elan edib.
Məhkəmə işi 2015-ci ilin noyabrında “Nardaran hadisələri” zamanı ağır cinayət ittihamları ilə saxlanılan ərizəçilərin polis nəzarətində işgəncə və qeyri-insani rəftara məruz qalmaları iddiaları ilə bağlı idi.
Ərizəçilər iddia edirdilər ki, onlar etirafedici ifadələr alınması məsədilə işgəncəyə məruz qalıblar.
AİHM hesab edib ki, ərizəçilərin hər birinə münasibətdə Konvensiyanın 3-cü maddəsinin (İşgəncənin qadağan olunması) pozuntusu baş verib. Məhkəmə həmçinin ərizəçilərdən Abbas Hüseynov, Əlibala Vəliyev, Abbas Quliyev, Rasim Cəbrayılov, Əli Nuriyevə münasibətdə Konvensiyanın 3 maddəsinin maddi aspektdən də pozulmasına qərar verib.
Məhkəmənin qərarına görə, hökumət mənəvi zərər əvəzi olaraq ərizəçilərdən Abbas Hüseynov, Əlibala Vəliyev, Abbas Quliyev, Rasim Cəbrayılov, Əli Nuriyevin hər birinə 7500, Zakir Mustafayev, Ramin Yarıyevin hər birinə isə 5000 avro ödəməlidir. Bundan əlavə, ərizəçilərin hər birinə 1000 avro hüquqi xərclər əvəzi ödənilməlidir.
Forum