Qubad İbadoğlunun həbsi zamanı zorakılığa məruz qalan həyat yoldaşının səhhətinin pisləşdiyi bildirilir

İradə Bayramova-Qubad İbadoğlunun həyat yoldaşı

Son günlər barəsində seçilmiş həbs qətimkan tədbirinin polisin nəzarətinə verilmə tədbiri ilə əvəz edilmiş iqtisad elmləri doktoru Qubad İbadoğlunun həyat yoldaşı İradə Bayramovanın səhhəti pisləşib.

Ailə üzvləri hesab edirlər ki, bu, 23 iyul 2023-cü ildə Bakıda polislər tərəfindən saxlanılma zamanı ona qarşı fiziki təzyiqin nəticəsidir.

İbadoğlunun qardaşı Qalib Bayramov Facebook səhifəsində yazıb ki, İradə Bayramovanın aldığı xəsarətlər həkimlərin rəylərilə təsdiqlənib. Həbs zamanı polislər Qubad İbadoğlu və həyat yoldaşı İradə Bayramovanı olduqları avtomobildən zorla çıxararaq başqa avtomobilə mindiriblər.

Qalib Toğrulun sözlərinə görə, qadına qarşı fiziki güc tətbiq edən iki polisin adları müəyyən edilib. Onlar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Elçin Rüstəmov və həmin idarənin əməliyyat müvəkkili İlham İsmayılovdur.

“Polis əməkdaşları İradə Bayramovanın əllərinə, ayaqlarına, bədəninə və başına zərbələr endiriblər. Nəticədə onun bədənində göyərmələr, qançırlar və baş nahiyəsində şişlər əmələ gəlib.

Baş Prokurorluğa şikayətdən və KİV-də məlumatlar yayıldıqdan sonra araşdırma başlayıb. Nərimanov Rayon Prokurorluğunun müstəntiqi öz qərarında bədən xəsarətlərini (başdakı şişlər istisna olmaqla) qismən tanıyıb. Qərarda qeyd edilib ki, aşkar edilən xəsarətlər - sağ bazu oynağının ön səthinin, sağ bazunun yuxarı üçdə birinin bayır səthinin, sol diz oynağının iç səthinin, sol baldırın yuxarı üçdə birinin bayır səthinin qançırları küt əşyanın təsirindən törənib.

Bununla belə, məhkəmə-tibbi ekspertizasının "sağlamlığa zərər vurmayan xəsarətlər müxtəlif şəraitdə, o cümlədən yıxılma zamanı da baş verə bilər" rəyinə istinad edərək cinayət işinin başlanmasını rədd edib”, o qeyd edib.

İsveçdə olan İradə Bayramovanın iki gün əvvəl vəziyyəti kəskin pisləşib, o, huşunu itirib və Skane University Hospitalına yerləşdirilib.

İlkin müayinələrdən sonra ona vestibulyar sinir iltihabı (inflammation of vestibular nevre) diaqnozu qoyulub və bidirilib ki, xəstəliyin ehtimal olunan səbəbi başından ağır zərbə almasıdır.

Həkimlərin rəyinə görə, İradə Bayramovanın müvazinətini saxlaması ən yaxşı halda 70 faiz bərpa olunacaq və bunun üçün o, uzunmüddətli müalicə almalıdır.

Onun sözlərinə görə, Qubad İbadoğluna ölkədən çıxışa qadağa qoyulduğuna görə ailəsinin yanında ola bilmir.

Daxili İşlər Hazirliyi Qalib Bayramovun yazısı ilə bağlı Amerikanın Səsinin sorğusuna münasibət bildirməyib.

İbadoğlu 2023-cü ilin iyulunda Cinayət Məcəlləsinin 204.3.1 (saxta pulların satışı) və 167-3.1 (ekstremizmyönlü materialların saxlanması və yayılması) maddələrilə həbs edilib.

Bəzi dövlətlər, beynəlxalq təşkilatlar, siyasətçilər, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunu azad etməyə çağırıblar. O, siyasi məhbus kimi tanınıb.

2024-cü il aprelin 22-də məhkəmə İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin edib.

Mayın 21-də istintaq müddəti avqustun 20-dək uzadılıb. Həbs qətimkan tədbiri polisin nəzarətinə verilmə ilə yüngülləşdirilib.