Evin həbsxanasında saxlanılan üç siyasi məhbus - Əbdüləziz Əzimi Qədim, Tahir Nəqəvi və Hüseyn Piri təhlükəsizlik və məhkəmə orqanlarının azərbaycanlı məhbuslara qarşı qanunsuz rəftarına etiraz olaraq, iyunun 13-dən etibarən aclıq aksiyasına başlayıb. Həbsxanada saxlanılan digər məhbus Ayaz Seyfxah iyunun 15-də aclıq aksiyasına qoşulub və hazırda həbsxanada saxlanılan 4 siyasi fəal aclıq aksiyası keçirir.
Azərbaycanlı vəkil Tahir Nəqəvi bir günlük aclıq aksiyasından sonra həbsxana gözətçiləri tərəfindən təhqir edilib, sonra döyülərək karserə köçürülüb.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, o, qalxanabənzər vəzi xəstəliyindən və yüksək təzyiqdən əziyyət çəkir və aclıq aksiyası başlayandan bəri dərmanlardan imtina edib. Bu, onun sağlıq durumu ilə bağlı narahatlığın artmasına səbəb olub.
SEE ALSO: Əbdüləziz Əzimi Qədim Evin həbsxanasından audio mesajında fəallara işgəncə verildiyini bildiribEvin həbsxanasında azərbaycanlı siyasi fəalların bu günə qədər 6 gün aclıq aksiyası keçirməsinə baxmayaraq, həbsxana rəhbərliyi onlara qarşı təzyiqləri artırıb və telefon danışıqları hüquqlarını kəsməklə hədələyir.
Azərbaycanlı fəalların işində “rejimə qarşı təbliğat fəaliyyəti göstərmək” və “milli təhlükəsizliyi pozmaq məqsədilə birləşmə və əlbir olmaq” ittihamları qeyd olunub.
Hüquq müdafiəçiləri bu barədə bildirirlər ki, təhqiqat və istintaq prosesi başa çatdıqdan və təqsirləndirilən şəxslərin həbsxananın ümumi bölməsinə köçürülməsindən sonra nəzarət müddətinin uzadılması üçün heç bir hüquqi əsas yoxdur. Beləliklə, onlar girov qoyaraq, məhkəmə qərarı yekunlaşana qədər həbsdən buraxıla bilərlər.
Lakin bəzi hüquq müdafiəçiləri işin hakimi Əbülqasım Salvatinin fəalların müvəqqəti azadlığa buraxılmasının qarşısını alıb, onları məhkəmənin yekun qərarına qədər həbsdə saxlamaq niyyətində olduğunu güman edirlər.
Evin həbsxanasında saxlanılan azərbaycanlı fəalların sayı ən azı 9 nəfərdir. Onlar fevralın ilk həftəsindən etibarən təxminən dörd ay yarımdır ki, qeyri-müəyyən müddətə həbsdə saxlanılır və vəkillə görüşmək hüququndan məhrum ediliblər.