Davud Şiri Təbriz İnqilab Məhkəməsində “bölücü qruplara üzv olmaq” ittihamı ilə hakim qarşısına çıxarılacaq

Davud Şiri

Sabiq siyasi məhbus və türk fəal Davud Şiri iyul ayında yeni ittihamlar ilə Təbriz İnqilab Məhkəməsində hakim qarşısına çıxarılacaq.

İnsan haqları vəkili Sina Yusufinin surətini sosial mediada paylaşdığı məhkəmə sənədinə əsasən siyasi fəaldan iyul ayının 6-da Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət etməsi tələb olunub.

O, nizama qarşı təbliğat, milli təhlükəsizliyə qarşı fəaliyyət və bölücü qruplara üzv olmaq ittihamları ilə mühakimə olunur.

Məhkəmə sənədində yazılıb ki, ““elektroşok cihazı saxlamaq”, “İslam Cümhuriyyəti nizamına qarşı təbliğat fəaliyyəti”, “daxili və xarici təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “ölkəyə müxalif (bölücü) qruplara üzv olmaq” ittihamları ilə əlaqədar sizə qarşı irəli sürülən şikayətlə bağlı müəyyən olunmuş vaxtda bu şöbədə hazır olunuz.”

SEE ALSO: İran Azərbaycanında siyasi fəallara “açıq məhkəmə” tələbi ilə kampaniya başladılıb

Davud Şiri keçən ilin sentyabr ayında İran Azərbaycanının müxtəlif şəhərlərində nəzarət altına alınan bir çox digər siyasi fəalla birlikdə bir neçə ay Təbrizdə kəşfiyyat təcridxanaları və mərkəzi həbsxanada həbsdə saxlanıldılar. Şiri təqribən üç ay nəzarətdən sonra mülki zəmanət qarşlığında müvəqqəti olaraq sərbəst buraxıldı.

O, keçmiş illərdə də göstərdiyi mədəni və siyasi fəaliyyətləri səbəbilə dəfələrlə həbs və mühakimə olunub.