ABŞ Dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O’Brayn strateji dialoq aparmaq üçün iyunun 10-dan 12-dək Yerevanda olacaq.
Bu barədə ABŞ Dövlət Departemantinin iyunun 7-də yayılan məlumatda deyilir.
Qeyd olunub ki, O’Brayn Ermənistanın siyasi rəhbərliyilə görüşlər keçirəcək.
Eyni zamanda, səfərdə sərhədlərin delimitasiyası üçün Alma-Ata Bəyannaməsindən istifadə etməklə Ermənistan və Azərbaycan arasında möhkəm sülh sazişinin təşviqinə ABŞ-nin dəstəyinin diqqət mərkəzində olacağı qeyd edilir.
“O’ Brayn yüksək vəzifəli hökumət məmurları ilə yanaşı, biznes və vətəndaş cəmiyyəti nümayəndələrilə də görüşəcək”, məlumatda deyilir.
O’Braynın Bakıya gəlib-gəlməyəcəyi hələlik məlum deyil.
“Mən ikitərəfli münasibətlərdə mühüm irəliləyişləri və Ermənistana dəstəyimizi müzakirə etmək üçün yüksək səviyyəli hökumət rəsmiləri, biznes ictimaiyyəti və vətəndaş cəmiyyəti ilə görüşəcəyəm", Ceyms O’Brayn "X" platformasında qeyd edib.
Fevralın 17-də Münhendə Azərbaycan Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinkenin görüşü olub. Bu görüşdə ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn da iştirak edib.
İyunun 7-də Ermənistanın Xarici İşlər Nazirliyi yaxın 1 ayda sülh sazişini imzalamağa hazır olduqları barədə bəyanat yaymışdı.
Ondan bir gün əvvəl Azərbaycanın Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyəti ilə görüşdə Ermənistanla danışıqların bəzi detallarına toxunmuşdu.
Prezident həmçinin bildirmişdi ki, Ermənistanın hazırkı Konstitusiyası dəyişməz qaldığı halda sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil.
Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının aprelin 19-da baş tutan səkkizinci görüşündə tərəflər Azərbaycanın Qazax rayonu və Ermənistanın Tavuş rayonu arasındakı sərhədin bir neçə seqmentinin delimitasiyası və demarkasiyası barədə ilkin razılaşma əldə ediblər.
Razılaşma 1990-cı illərdən Ermənistanın nəzarətində olan dörd kəndin Bakının suverenliyinə qaytarılması və sərhədlərin delimitasiya prosesinin 1991-ci il Alma-Ata bəyannaməsi əsasında davam etdirilməsini nəzərdə tuturdu.