Azərbaycan ordusunun hərbi qulluqçusunun itkin düşdüyü deyilir

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

Azərbaycan ordusunun hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun iyunun 9-da itkin düşdüyü bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin (MN) məlumatında deyilir.

Məlumata görə, o, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.

Hələlik, bu məlumata əsgərin yaxınlarının münasibəti bəlli deyil.

Ermənistan Müdafiə Nazirliyi, nə də Milli Təhlükəsizlik Xidməti hələlik bu məlumatı təsdiqləməyib. Amma bəzi erməni mediası Azərbaycan əsgərinin Naxçıvandan sərhədi keçərək Ermənistan ərazisinə düşdüyünü yazır.

Bu ilin fevralın 28-də Müdafiə Nazirliyi bir əsgərinin Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən "əlverişsiz hava şəraitində" istiqaməti itirərək azdığını bildirmiş və onun tapılması üçün axtarış aparıldığını açıqlamışdı. Sonradan həmin əsgər - Ruslan Pənahovun istiqamətini itirərək Ermənistana keçdiyi bildirildi. O, Azərbaycana təhvil verildi.

Xatırladaq ki, ötən ilin dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.