III Respublika Platformasının həbsdə olan spikeri Akif Qurbanova ailə üzləri - valideynləri ilə görüş verilmədiyi deyilir.
Bu barədə məlumatı iyunun 2-də III Respublika Platforması yayıb.
Məlumatda deyilir ki, ailəsinin Qurbanova apardıqları sovqat dəfələrlə və çox sərt yoxlanılıb, selektiv qəbul edilib. Bundan əlavə ona aparılan kitablar geri qaytarılıb.
"Akif Qurbanov iyunun 1-də həmçinin telefon ilə ev ilə danışmalı idi. Ona bu hüququndan da istifadə etməyə icazə verilməyib", məlumatda qeyd edilib.
III Respublika Platforması bunun Akif Qurbanovun son məhkəmə çıxışı ilə bağlı olduğunu ehtimal edir.
"Onun üzləşə biləcəyi problemlərdən ciddi narahatıq. Ona görə də Akif Qurbanovun ailə üzvləri ilə görüşməsi, telefonla əlaqə saxlamaq hüququnun təmin olunmasını tələb edir, ictimaiyyəti bu məsələyə biganə qalmamağa çağırırıq", məlumatda qeyd edilir.
Akif Qurbanovun vəkili Şəhla Hümbətova onunla ötən həftədən görüşmədiyini, amma ailəsindən bu barədə eşitdiyini deyib.
Hüquq müdafiəçisi Rüfət Səfərov Akiq Qurbanova qarşı bu hərəkətləri qanunsuz adlandırıb.
"Akif Qurbanovun apellyasiya instansiyasındakı açıq, sərt və haqlı çıxışından sonra hökumət əlavə təzyiq vasitələrini işə salıb. Akif Qurbanovun ailə üzləri ilə görüşməsinə imkan verməyiblər. Apardıqları sovqat dəfələrlə və sərt yoxlanılıb, seçilib, qəbul edilib. Ona aparılan kitablar isə geri qaytarılıb. Akif Qurbanovub telefonla evi ilə danışmağq imkan verilməyib. Bütün bunlar cənab Qurbanovun müxalif siyasi iddiaları ilə bağlıdır"o, Amerikanın Səsinə bildirib.
Akif Qurbanov sonuncu məhkəmə çıxışında Azərbaycandakı idarəetməni Stalin rejimi ilə müqayisə etmişdi.
Öz növbəsində Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, qeyd edilənlər həqiqəti əks etdirmir.
“Həbs edilmiş şəxs Akif Qurbanovun telefon danışıqlarına və görüşlərinə məhdudiyyət qoyulmamış, qanunvericilikdə nəzərdə tutulmuş qaydada və sayda ona ailə üzvləri ilə görüşmək, telefonla zəng etmək, sovqat qəbul etmək üçün şərait yaradılır”, Penitensiar Xidmət qeyd edib.
Akif Qurbanov 2024-cü ilin martın 6-da “Toplum TV” işi ilə bağlı saxlanılıb.
Martın 8-də Xətai Rayon Məhkəməsində onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
“Toplum Tv” işi üzrə həmçinin saytın təsisçisi Ələsgər Məmmədli, III Respublika Platformasının üzvü Ruslan İzzətli, “Toplum TV”-nin redaktoru Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayev, İlkin Əmrahov və Əli Zeynal saxlanılıb.
Təqsirləndirilən şəxlər qaçaqmalçılıqda ittiham edilir, amma onlar ittihamı qəbul etmir, siyasi sifariş sayır.
Beynəlxalq qurumlar, o cümlədən ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini haqsız saxlanılan şəxsləri həbsdən azad etməyə çağırıb.
Rəsmi Bakı isə ölkədə siyasi məhbusların olmadığını bildirir, bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır. Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.