İranın Mədəniyyət və İrşad Nazirliyinin senzura siyasəti İran Azərbaycanı və Tehranda türk dilində yazılmış kitabların nəşrini çətiləşdirir.
Son vaxtlar bəzi yazarlar İranda türkcə kitablara tətbiq edilən senzura nümunəsi olan sənədlərin surətini sosial şəbəkələrdə paylaşırlar.
Bu yaxınlarda mədəniyyət nazirliyi təbrizli yazar və sənətçi Rza Hüseyninin çapa hazırladığı bir hekayə toplusunun dilinin forması və bəzi kəlmələrin "İstanbul türkcəsində" olduğunu irəli sürərək kitabın nəşrinə icazə verməyib.
Rza Hüseyni nazirliyin ekspertinin “Sürgündə” adlı hekayə toplusu kitabı ilə bağlı yazdığı şərhin surətini öz Instagram səhifəsində paylaşıb.
“Kitabda dərc edilən bəzi yazıların nəşr qaydaları və tənzimləmələrinə uyğun olmadığını nəzərdə tutaraq kitabın faylı sözügedən bölümlərdə islahat aparıldıqdan sonra yenidən göndərilsin,” deyə sənəddə yazılıb.
Ekspert həmçinin yazıb ki, “hekayələrin hüquqi və məzmun baxımından problemi yoxdur. Ancaq dilin forması baxımından, çox sayda ‘İstanbul türkcəsi’ olan kəlmələr var. Bunlar düzəldilməli və yerlərinə ‘İran Azərisi’ kəlmələr qoyulmalıdır. Kitab islahat aparıldıqdan sonra nəşr edilə bilər. Nümunə olaraq; iki sıra, üzərində, gərginlik, sadəcə, mavi, ortam, karakter, uyğun, kürək və başqa kəlmələr.”
SEE ALSO: Mehdi Nəimi: İran dövləti türkcə əsərlərə senzura tətbiq edərək eybəcər bir dil ortaya çıxarmaq istəyirİran Azərbaycanı və Tehranda türk dilində çap, nəşr və kitab satışı sahəsində fəaliyyət göstərən şəxslər və qurumlara mütəmadi qaydada basqılar tətbiq edilir. Keçən illərdə türk dilində təqvim çap edən bəzi mədəni fəallar həbs və mühakiməyə məruz qalıblar. Yazarlar əsərlərinin sadəcə məzmun baxımından deyil, istifadə etdikləri kəlimələr və terminlər, habelə yazı qaydaları baxımından da ağır senzura təzyiqi altında olduqlarını önə çəkirlər. Bütün bu məhdudiyyətlərin tətbiq edilməsindən sonra çap icazəsi alan kitablar belə kitab sərgilərindən topladıla bilir.