Şərqi Azərbaycan vilayətinin şimalında yerləşən Dizmar meşəlik ərazisinin adı dəyişdirilərək “Şəhid-i Cumhur” adlandırılıb.
İSNA xəbər agentliyinin məlumatına görə, dünən, mayın 25-də İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının müavinlər şurasının iclasında bu meşənin adının “Şəhid-i Cumhur” olaraq dəyişdirilməsi qərarı təsdiq edilib.
Bildirilib ki, meşənin adının dəyişdirilməsi ilə bağlı qərar prezidenti və onun heyətini daşıyan helikopterin Dizmar meşəsinə düşməsi səbəbindən verilib.
Dizmar dağlıq və meşəlik ərazisi, Şərqi Azərbaycan vilayətinin şimalında Xudafərin, Vərziqan və Culfa şəhərlərinin hüdudlarında yerləşir.
Sahəsi 68 min hektardan çox olan bu təmiz ərazi 12 il əvvəl Ətraf Mühitin Mühafizəsi Təşkilatının idarə etdiyi ərazilər siyahısına 'qorunan ərazi' kimi daxil edilib.
Bu qərar güneyli fəallar tərəfindən tənqid edilib. Bununla bağlı milli fəal İbrahim Rəşidi (Savalan), Pəhləvi dövründə Qaradağın adının Ərəsbaran adlandırılmasına toxunaraq yazıb ki, “Doxsan ildən sonra Qaradağın bizim üçün hələ də Qaradağ olduğunu bilmədən Dizmar adını da coğrafiyamızdan çıxarmaq istəyirlər, Dizmar günümüzdə unudulmuş bir ad olsa da, bəlkə də bu tədbir sayəsində bir çox insanın ağlına, dilinə qayıdacaq”.