Əli Reyhani Kücüvar Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək bu şəhərin mərkəzi həbsxanasına köçürülüb. Bu barədə HRA xəbər agentliyi məlumat yayıb.
Bu xəbərə görə, Təbrizdəki Sönməz fabrikinin sahibi olan Əli Reyhani, İran Prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı sosial media hesabında yazı dərc etdiyi üçün təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və dindirildikdən sonra Təbriz Mərkəzi həbsxanasına köçürülüb.
Bəzi mənbələr, Əli Reyhani Kücüvara qarşı “nizam əleyhinə təbliğat fəaliyyəti göstərmək" və "İbrahim Rəisini təhqir etmək” ittihamlarının irəli sürüldüyünü bildirirlər.
Bundan əvvəl, Məlikkəndi şəhərindən olan Əkbər Yusifi, Qaradağ meşələrində İran Prezidentini daşıyan helikopterin qəzaya uğraması ilə bağlı İnstagram səhifəsində məzmun paylaşdığı üçün həbs edilib və bir neçə saatlıq sorğu-sualdan sonra sərbəst buraxılıb.
Həmin hadisənin xəbərinin yayılmasından sonra, İranın məhkəmə orqanları və İranın kiber polisi sosial medianın diqqətlə izləndiyini açıqlayıb.
Kiber-polis prezidentin helikopter qəzası ilə bağlı təhqiramiz məzmunlar paylaşanlar barəsində məhkəmə işi açılacağını bildirib.