İran Azərbaycanından olan siyasi fəallar İbrahim Rəisinin insan haqlarının pozulmasındakı rolunu xatırlayır

İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbrizdə prezident İbrahim Rəisinin tabutunu daşıyan fəxri qarovul

İran prezidenti İbrahim Rəisinin və xarici işlər naziri Hüseyn Əmirabdullahiyanın, Şərqi Azərbaycan valisi Malik Rəhməti və Təbriz Cümə imamı Məhəmmədəli Ali-Haşim də içində olduğu helikopterin Şərqi Azərbaycan vilayətinin Qaradağ bölgəsinin Vərziqan şəhərinin dağlıq ərazizində qəzaya uğraması ilə əlaqədar və İbrahim Rəisinin keçmişdə olduğu vəzifələrdə fəaliyyətləri barədə İran Azərbaycanından olan siyasi fəallar Amerikanın Səsinə münasibət bildirib.

İbrahim Rəisinin içində olduğu Bell-212 model vertolyot, 19 may tarixində Araz çayı üzərində tikilmiş “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının açılış mərasimindən Təbriz şəhərinə doğru geri dönərkən qəzaya uğrayıb. İranda cəmiyyətin bu hadisəyə reaksiyaları fərqli olub. Bu hadisə cəmiyyətin bir hissəsini narahat etsə də, İran Azərbaycanından olan siyasi fəallar hesab edirlər ki, İbrahim Rəisinin İranda insan haqları pozulmasında mənfi rolu olub və o, xalq arasında populyar şəxsiyyətə malik olmayıb.

Azərbaycan Demokratiya və İnkişaf Ocağının rəhbəri Duman Radmehr hesab edir ki, İbrahim Rəisi İran İslam Respublikasında mühüm vəzifələr tutmasına baxmayaraq, ciddi nailiyyətlər göstərməmiş və əsasən itaətkar xarakterə sahib olub.

Radmehr deyir ki, buna baxmayaraq, Rəisi 80-ci illərdə İranda çoxsaylı siyasi məhbusların edamlarının həyata keçirilməsində əsas fiqurlardan biri olub. “O, siyasi məhbusların bir neçə dəqiqəlik mühakimə olunan məhkəmədə iştirak edən ‘ölüm komitəsi’nin üzvlərindən biri olub və bu səbəbdən İran İslam Respublikasının siyasi simaları arasında tanınmış bir şəxs idi və həmişə diqqət mərkəzində olmuşdu,” Radmehr bildirib.

Hazırda İsveçdə yaşayan əslən Ərdəbil vilayətinin Meşginşəhr şəhərindən olan siyasi fəal Amerikanın Səsinə deyib ki, siyasi mövzuları izləyən insanlar arasında İbrahim Rəisi mənfi fiqur sayılır və onun, 80-ci illərdə çox sayda edama imza atmaqda müttəhim və insan hüquqlarının geniş şəkildə pozulmasındakı roluna görə mühakimə olunmalı olduğunu düşünürlər.

Helikopter qəzasında həlak olan İbrahim Rəisinin ölümünə cəmiyyətin əksəriyyətinin biganə yanaşdığını düşünən Radmehr, cəmiyyətin bir hissəsinin də onun ölümünü sevinclə qarşıladığını irəli sürüb. O, bunu iki səbəblə əsaslandırır.

“Əvvəla, o, cəmiyyətdə mənfi xarakter daşıyırdı, yüzlərlə insanı qətlə yetirib, çoxlu ailələri ağlar qoyub, ədliyyə sisteminin sədri olduğu zaman da müxaliflərə qarşı işgəncələr davam edib. İkincisi, o, hər halda İran İslam Respublikası kimi diktatura rejiminin prezidenti idi, ona görə də, cəmiyyət arasında rejimlə bağlı narazılıqlardan dolayı, prezidentin ölümünə - bu reaksiyanın yaxşı və ya pis olduğunu mühakimə etmirəm, - amma təbii ki, bu, cəmiyyətin bir hissəsində sevinclə müşayiət olunur," deyə siyasi şərhçi ifadə edib.

O, deyir ki, İbrahim Rəisini daşıyan helikopter qəzasının səbəbləri hələlik tam bəlli olmasa da, bütün hallarda İran hökumətinin düşmüş helikopterin tapılmasında fəaliyyəti zəif olub. Radmehrin fikrincə, “prezidenti daşıyan helikopterin dağıntılarını tapa bilməyən və digər ölkələrdən kömək istəyən İran rejiminin gücünün real olmadığı məlum oldu”.

İranlılar 20 may 2024-cü il tarixində Kanadanın Toronto şəhərində İran prezidenti İbrahim Rəisinin ölümünü qeyd etmək üçün rəqs edirlər. (Behrang Rahbari/VOA Persian)

Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Araz İran hökumətinin daxilində də Rəisiyə münasibətlərin birmənalı olmadığını vurğulayıb.

Məcid Araz, İbrahim Rəisinin insan haqlarının pozulması sahəsində mənfi keçmişə malik olduğunu və 80-ci illərdə siyasi məhbusların edamında ‘ölüm komitəsi’ndə iştirak etdiyinə görə, “Tehran qəssabı” kimi tanındığını vurğulayaraq, ölkədə populyar şəxsiyyət olmadığını bildirib.

“Zatən İbrahim Rəisi ötən prezident seçkilərində də, rəqiblərinın Nəzarət Şurası tərəfindən diskvalifikasiya edilərək, meydandan çıxardıldığı bir şəraitdə və kontrollu şəkildə prezidentliyə gətirildi və çox az səslə prezident seçilmişdi,” Araz bildirib.

İran prezidenti İbrahim Rəisini daşıyan helikopterin dağıtısı, Vərzəqan, Şərqi Azərbaycan vilayəti

Siyasi ekspert Sina Mirzayi də digər siyasi fəallar kimi 80-ci illərdə İranda siyasi məhbusların edam prosesində İbrahim Rəisinin təsirli roluna toxunur. Politoloq Mirzayi, Rəisinin İslam Respublikasında bütün siyasi həyatı boyu müxalifətin və tənqidçilərin repressiyasında rolu olduğunu düşünür. “2022-ci ilin etirazlarında və ondan əvvəlki etirazlarda biz görürük ki, diskurs baxımından o, repressiyaları dəstəkləyib və ümumilikdə İranda insan haqlarının pozulmasını dəstəkləyib”. -deyə şərhçi bəyan edib.

Sina Mirzəyi hesab edir ki, “İbrahim Rəisi İran hakimiyyətinin sağ qanadı, o cümlədən Əli Xameneyi tərəfindən bəyənildiyi üçün rejimin tərəfdarları, o cümlədən Bəsic və İran İnqilab Keşikçiləri Qvardiyası qüvvələri arasında onun tərəfdarları var idi. Amma digər tərəfdən insan haqlarının pozulmasında göstərdiyi performansa görə cəmiyyət arasında müsbət şəxsiyyət kimi xatırlanmır.”

Siyasi fəalın fikrincə, Təbriz şəhərində və ümumiyyətlə Şərqi Azərbaycan vilayətində bu hadisədən kədərlənən əhalinin bir hissəsi İbrahim Rəisinin deyil, İmam Cümə və valinin ölümündən təsirləniblər. “Çünki məhdud şəkildə də olsa, türk dilinə və kimliyinə və xalqın problemlərini həll etməyə göstərdikləri maraqları və əhali ilə sözdə belə olsa ünsiyyət qurduqları üçün bu ikisi müəyyən dərəcədə insanların razılığını qazana bilmişdi,” Mirzəyi bildirib.