Milli fəal İbrahim Rəşidi Meşkinşəhr Ümumi və İnqilab Prokurorluğunun 1 saylı şöbəsinə çağırılıb.
Güneyli fəal İbrahim Rəşidi (Savalan) öz Telegram kanalında məhkəmə çağırışının surətini paylaşaraq, Meşkinşəhr İnqilab Məhkəməsi tərəfindən çağırıldığını açıqlayıb. O, sabah məhkəməyə gedəcəyini də qeyd edib.
Məhkəməyə çağırış vərəqəsində yazılanlara görə, milli fəal İbrahim Rəşidi məhkəmədə özünü son dəfə "yalan məlumat yaymaq" ittihamına qarşı müdafiə edəcək.
Milli fəal İbrahim Rəşidi keçən il dekabrın 30-da Ərdəbil vilayətinin Meşkinşəhr (Xiyav) şəhərinin Mirkəndi kəndində öz evində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.
Azərbaycanlı jurnalist Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında iki həftədən çox dindirildikdən sonra o, yanvarın 15-də Ərdəbil həbsxanasına köçürülüb. Ərdəbil həbsxanasında iki həftəyə yaxın saxlandıqdan sonra isə o, yanvarın 27-də Meşginşəhr həbsxanasına köçürülüb.
Meşginşəhr həbsxanasında saxlanma müddəti bir dəfə uzadıldıqdan sonra o, nəhayət fevralın 22-də 200 milyon tümənlik girov müqabilində müvəqqəti olaraq azadlığa buraxılıb.
Milli fəal və araşdırmaçı İbrahim Rəşidi bundan əvvəl də dinc siyasi fəaliyyətinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və məhkəmələr tərəfindən həbs cəzasına məhkum edilib.
İbrahim Rəşidi illərdir ki, davamlı olaraq, sosial media platformalarında Azərbaycan və İranla bağlı müxtəlif məsələlər, o cümlədən siyasi və ictimai mövzulara dair qeydlərini dərc edir.
İbrahim Rəşidi uzun illərdir davamlı olaraq ictimai və siyasi mövzularda qeydlər paylaşır ki, bu qeydlər sosial mediada rəğbətlə qarşılanır. O, həbsdən çıxdıqdan sonra da qeydlər yazmağa davam edir. Fəalın təhlükəsizlik qüvvələri tərəfindən həbsinin onun qeydləri ilə bağlı olduğu güman edilir.