Mayın 16-da Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu barəsində açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi Amerikanın Səsinə vəkillərə istinadən bildirib.
“Bu gün (mayın 15-də-red) Tofiq Yaqublunun işi üzrə müstəntiq Abdulla Cəlilli istintaqın rəsmən yekunlaşdığını elan edib. Gələn həftə vəkillər Aqil Layıc və Nemət Kərimli istintaq materialları ilə tanış olacaq“.
Onun sözlrinə görə, “cinayət işi” 4 cilddən ibarətdir.
Nigar Həzi deyir ki, Tofiq Yaqublu ittihamı qəbul etmir.
Nigar Həzinin bu dediklərinə istintaq orqanı tərəfindən reaksiya verilməyib. Bununla yanaşı, rəsmi qurumlar ibtidai istintaqın nə vaxt başa çatacağı ilə bağlı hələlik açıqlama verməyib.
Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Siyasətçi bundan öncə də dəfələrlə cinayət və inzibati təqiblərə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.
Azərbaycanda son aylarda iyrimidən çox fəal və jurnalist həbs edilib. Bu həbslər çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.
Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.