Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mayın 16-da Azərbaycanla bağlı Azadlıq qəzetinin işi də daxil olmaqla 3 iş üzrə qərarlarını elan edib.
“Azadlıq qəzeti və Zahidov Azərbaycana qarşı” işi 2007-ci ildə dərc etdiyi “Müdafiə Nazirliyində ucuz ətin sirri” sərlövhəli məqaləyə görə qəzetin məhkəmə tərəfindən cərimələnməsi ilə bağlıdır.
Məqalədə nazirliyin Ukraynadan əsgərlər üçün bazar qiymətindən xeyli ucuz qiymətə və keyfiyyətsiz ət idxal etdiyi qeyd edilib.
Aihmaz.org yazır ki, Müdafiə Nazirliyi məqalədə yer alan məlumatların yalan olduğunu, nazirliyin və onun əməkdaşlarının peşə nüfuzuna xələl gətirdiyini əsas gətirərək qəzeti və onun redaktorunu məhkəməyə verib.
2007-ci ilin aprelində Yasamal Rayon Məhkəməsi nazirliyin xeyrinə qərar çıxarıb və qəzeti mənəvi ziyana görə 20 min manat təzminat ödəməyə, üzr istəməyə və təkzib verməyə məhkum edib. Appelyasiya məhkəməsi təzminatı 10 min manata endirsə də, yuxarı məhkəmələr qərarı saxlayıb.
Ali Məhkəmə qərarından sonra Azadlıq qəzeti 2009-cu ildə Avropa Məhkəməsi qarşısında ifadə azadlığının pozulmasına dair iddia qaldırıb.
Strasburq məhkəməsi bu gün elan etdiyi qərarında dövlət hakimiyyətini həyata keçirən hüquqi şəxsin (Müdafiə Nazirliyi) öz nüfuzunu qorumağa çalışmasının legitimliyini sorğulamaqla bərabər qeyd edir ki, Azərbaycan məhkəmələri qəzetin ifadə azadlığı hüququna müdaxiləyə haqq qazandırmaq üçün “yetərli” əsaslar təqdim edə bilməyib və təyin edilən cəza mütənasib olmayıb.
Bu cür müdaxilənin “demokratik cəmiyyətdə zəruri” olmadığını deyən AİHM, 15 il sonra Azadlıq qəzetinə münasibətdə pozuntunu tanıyıb.
Azadlıq qəzetinin Fransada yaşayan redaktoru Rahim Hacıyev qərarların olduqca gec çıxarılması ilə yanaşı, qərarların icrası və “bu illər ərzində” Azərbaycanda ifadə azadlığının vəziyyətinin məyusluq doğurduğunu deyib.
“Onda da ifadə və mətbuat azadlığına kobud müdaxilər var idi, indi də. Hökuməti haqlı yerə təftiş etməyə cəhd edən jurnalistlər bu gün də həbs edilir, təhdid və təqib edilir”, Hacıyev əlavə edib.
Qəzet 7600 avro civarında təzminat tələb etsə də, Avropa Məhkəməsi qəzetin sözügedən 10 min manatlıq cəriməni ödəməsi ilə bağlı sübut göstərə bilmədiyini əsas gətirərək bundan imtina edib.
Qərara əsasən, hökumət 1000 avro məbləğində hüquqi xərclər əvəzi ödəyəcək. Ərizəçiləri AİHM qarşısında hüquqşünaslar Rəşid Hacılı, Xalid Ağaliyev və vəkil Elçin Sadıqov təmsil edib.
SEE ALSO: Hesabat: Azərbaycan Avropa Məhkəməsinin qərarlarının 75 faizini icra etmirAvropa Məhkəməsinin qərar çıxardığı digər iş isə “Hüseynov Azərbaycana qarşı” işidir. Bu iş ərizəçi Əli Hüseynova qarşı pis rəftara yol verilməsi, pis rəftarla bağlı şikayətlərin effektiv araşdırılmaması iddiaları ilə bağlı olub.
2015-ci ildə baş vermiş “Nardaran hadisələri” ilə bağlı həbs edilən Hüseynov qeyd edib ki, ona qarşı pis rəftar Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş verib.
O, idarədə qanunla müəyyən edilmiş müddətdən artıq saxlanıldığını, vəkili və ailəsi ilə əlaqə qura bilmədiyini, pis rəftarın məqsədinin özü və Nardaran hadisələri ilə bağlı həbs edilmiş digər şəxslər haqda etirafedici ifadələr almaq olduğunu bildirib.
AİHM-in bu gün yaydığı qərarda tərəflərin dostca razılaşdığı, hökumətin razılaşmaya əsasən vəkil Zibeydə Sadıqovanın təmsil etdiyi ərizəçiyə mənəvi zərər əvəzi 6500, hüquqi xərclər əvəzi 1500 avro ödəməli olduğunu qeyd edir.
Strasburq Məhkəməsi bugün həmçinin “Əyyubzadə Azərbaycana qarşı” işi üzrə qərarını elan edib. Bu iş Nida Vətəndaş Hərəkatı üzvü olan, 2014-cü ildə vəzifəli şəxslərə qarşı müqavimət ittihamı ilə 2 illik həbs cəzasına məhkum edilən Orxan Əyyubzadəyə qarşı cinayət təqibinin ədalətsizliyi iddiaları ilə bağlı idi.
Məhkəmə bu işdə də tərəflərin dostca razılaşdığını bildirib. Razılaşmaya əsasən, hökumət vəkil Əsabəli Mustafayevin təmsil etdiyi ərizəçiyə mənəvi zərər əvəzi 4700, hüquqi xərclər əvəzi 1000 avro ödəyəcək.