Bakının Nərimanov Rayon Prokurorluğu dunyaninsesi.az saytının rəhbəri Ərşad İbrahimovun həbs edilərəkən Gəncə polisində işgəncələrə məruz qalması ilə bağlı şikayəti araşdırır. Bu barədə vəkil Elçin Sadıqov Amerikanın Səsinə deyib.
Vəkil bildirib ki, bu ilin aprelində Nərimanov Rayon Məhkəməsi prokurorluğa Ərşad İbrahimova qarşı işgəncələrin araşdırılması üçün məlumat göndərib.
“Nərimanov Rayon Prokurorluğunun əməkdaşları istintaq təcridxanasında Ərşad İbrahimovla görüşüb. Ərşad İbrahimov özü də məhkəmədə bildirib ki, həbs edilərkən, döyülüb. Onun döyülməsindən sonra bədənindəki xəsarət izləri Bakı İstintaq Təcridxanasına qəbul zamanı müvafiq qaydada rəsmiləşdirilib. Ümumiyyətlə, Ərşad İbrahimov heç bir cinayət törətməyib”, o qeyd edib.
Xatırladaq ki, aprelin 2-də Nərimanov Rayon Məhkəməsində “dunyaninsisesi.az” saytının rəhbəri Ərşad İbrahimov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
Ərşad İbrahimov 2023-cü ilin sonunda saxlanılıb. Jurnalist 2021-ci ildə hədə-qorxu ilə pul tələb etmədə ittiham olunur.
Ərşad İbrahimov yerli hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.
Jurnalist bundan öncə 2014-cü ildə də pul tələb etmə ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilib. Gəncə məhkəməsi onu 11 il müddətinə azadlıqdan məhrum edib.
Apellyasiya Məhkəməsi həbs müddətini 10 ilə, Ali Məhkəmə isə beş ilə endirib. Jurnalist əfv sərəncamı ilə vaxtından əvvəl həbsdən azad edilib.