Bu həftə Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu barəsində açılmış cinayət işinin istintaqı yekunlaşacaq.
Tofiq Yaqublunun qızı Nigar Həzinin Amerikanın Səsinə bu məlumatı vəkil Aqil Layıca istinadən verib.
Onun sözlərinə görə, mayın 14-də müstəntiq Abdulla Cəlilli Bakı İstintaq Təcridxanasında Tofiq Yaqubluya ilə görüşüb və yekun ittiham aktını elan edib. “Bu həftə ərzində müstəntiq istintaqın yekunlaşmasına dair qərarını bildirəcək. Gələn həftə isə vəkillər istintaq materialları ilə tanış olacaqlar. Bu ayın sonuna kimi çox güman ki, iş məhkəməyə göndəriləcək” o, qeyd edib.
Nigar Həzi deyir ki, Tofiq Yaqublu ona qarşı elan olunan ittihamı qəbul etmir.
Nigar Həzinin bu dediklərinə istintaq orqanı tərəfindən reaksiya verilməyib. Bununla yanaşı, rəsmi qurumlar ibtidai istintaqın nə vaxt başa çatacağı ilə bağlı hələlik açıqlama verməyib. Adətən istintaq başa çatandan sonra cinayət işi məhkəməyə göndərilir və vəkillərin istintaq işi ilə tanış olması üçün imkan yaradılır. Amma bunlar hələ baş verməyib.
Aprelin 6-da Bakı Nərimanov Rayon Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbs qətimkan tədbirinin uzadılması işinə baxılıb. Yaqublunun həbs müddəti daha 2 ay uzadılıb.
Aprelin 5-də isə Bakı Apellyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə Tofiq Yaqublunun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatəti təmin edilməyib.
Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Siyasətçi bundan öncə də dəfələrlə cinayət və inzibati təqiblərə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.
Azərbaycanda son aylarda iyrimidən çox fəal və jurnalist həbs edilib. Bu həbslər çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.
Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.