Təqribən üç həftə əvvəl Təbrizin ümumi və inqilab prokurorluğuna çağırılan Təbriz sakini Cəbrayıl Pakruhun polis qüvvələri tərəfindən nəzarət altına alındığı bildirilib.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, Pakruh bazar ertəsi günü saxlanılıb. Hüquq müdafiə qurumu onun sağlamlıq vəziyyətinin yaxşı olmadığını bildirib.
Sosial şəbəkələrdə paylaşılan bir videoda Cəbrayıl Pakruhun oğlunun atasının həbsi ilə bağlı məlumat verdiyi görünür. O, atasının taleyini öyrənmək üçün əlaqədar qurumlara müraciət etdiklərini, ancaq açıq bir cavab ala bilmədiklərini bildirib.
Təbrizin ümumi və inqilab prokurorluğu bir neçə həftə əvvəl Pakruha “yalan məlumat yaymaq” ittihamı ilə əlaqədar çağırış vərəqəsi göndərmişdi.
SEE ALSO: Təbrizdə yalan məlumat yaymaqda ittiham edilən Cəbrayıl Pakruh prokurorluğa çağırılıb“Cəbrayıl Pakruh türk fəallardan biri olan Fərhad Pakruhun atasıdır. O, keçmişdə özünün və oğlunun fəaliyyətləri ilə əlaqədar təhlükəsizlik qurumlarının təzyiqlərinə məruz qalıb” - deyə, HRA agentliyinin saytında bildirilib.
Cəbrayıl Pakruh keçən ilin oktyabr ayından bəri bir neçə dəfə sosial şəbəkələrdə video-görüntülər paylaşaraq özü, qardaşı və oğlunun polis məmurları tərəfindən ağır şəkildə döyülməsi ilə əlaqədar açıqlamalar verib.
O, sözügedən video-görüntüləri paylaşdığı üçün daha öncə Təbriz kiber-polis mərkəzinə çağırılıb.