ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borq Azərbaycanda səfərdədir.
O mayın 14-də Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparıb.
İan Borq bildirib ki, ATƏT bu gün müəyyən çağırışlarla üzləşməkdədir.
"Rusiyanın Ukraynaya qarşı müharibəsi bu çağırışlar arasında ilk sıradadır və ümumilikdə sözügedən münaqişə bütövlükdə regiona təsir edir. Ancaq biz hesab edirik ki, təşkilatın – ATƏT-in bu çağırışlara cavab verməyə gücü var”, o qeyd edib.
Bununla yanaşı İan Borq səfərinin regional xarakter daşıdığını, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasını və sülh müqaviləsi üzrə danışıqlar prosesini dəstəklədiyini bildirib.
Prezident İlham Əliyev deyib ki, hazırda sülh gündəliyinin irəliyə aparılması üçün Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesi davam etdirilir.
Dövlət başçısı Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında ATƏT-in və qurumun Minsk Qrupunun fəaliyyətini tənqid edib və onun vasitəçiliyinin "Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə" xidmət göstərdiyini qeyd edib.
Prezident İlham Əliyev hesab edir ki, artıq Ermənistan-Azərbaycan münaqişəsi tarixdə qalıb, mövcud deyil.
"Buna görə ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür”, Əliyev qeyd edib.
Görüşlərdən sonra keçirilən brifinqdə də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ATƏT-in fəaliyyətdə olan sədri İan Borqun bəyanatları əsasən Azərbaycan-Ermənistan sülh danışıqlarını əhatə edib.
İan Borq bildirib ki, ATƏT Azərbaycan və Ermənistana sülhə nail olmaq üçün tam dəstək verir.
"Uzunmüddətli sülh üçün diplomatiya yolunu davam etdirməliyik. Dünən Ermənistanda səfərdə olarkən də bildirdim ki, danışıqlar yaxşı məram çərçivəsində aparılmalıdır ki, həll yolu tapılsın. ATƏT-in sədri kimi bütün praqmatik yanaşmaları dəstəkləyəcəyik. Bu sahədə ölkələr öz xalqlarının gələcəyi üçün işləməlidir. Biz Azərbaycanla da münasibətləri gücləndirməyi düşünürük", o qeyd edib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Azərbaycan və Ermənistan arasında birbaşa ikitərəfli danışıqlardan istifadə edilməsi ən müsbət formatdır.
"Hesab edirik ki, Azərbaycan və Ermənistan arasında birbaşa ikitərəfli danışıqlar ən müsbət nəticə verən formatdır. Bunun təsdiqi olaraq son 6 ay ərzində silsilə etimad quruculuq tədbirlərinə nail olunmasını göstərmək olar. Ən yeni inkişaflar sırasında aprel ayında iki ölkə arasında Azərbaycan-Ermənistan sərhədinin bir hissəsində delimitasiya prosesinə start verilməsi və burada siyasi-diplomatik yolla Azərbaycanın uzun illər ərzində işğal altında olan 4 kəndinin azad edilməsini qeyd edə bilərik", nazir qeyd edib.
O Azərbaycan və Ermənistan arasında münasibətlərin son inkişafını olduqca müsbət qəbul edir.
“Bu sırf iki ölkə arasında birbaşa danışıqlar yolu ilə baş tutdu. Ümidvarıq ki, bu istiqamətdə işlər müsbət məcrada davam edəcək. Artıq fevral ayından etibarən intensiv danışıqlar bərpa edilib. Ümumilikdə danışıqları müsbət qiymətləndiririk. Gözləntilərimiz uyğun olmalıdır. Bu olduqca önəmli və mürəkkəb prosesdir”, nazir bildirib.