ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi mayın 11-də Azərbayacanın ADA Universitetinin Amerika Universitetinin Vaşinqton Hüquq Kolleci ilə ikili diplom proqramının açılış mərasimində iştirak edib.
Bu barədə ABŞ-ın Azərbaycandaakı səfirliyi məlumat yayıb.
“Mən ADA Universiteti və Amerika Universitetinin Vaşinqton Hüquq Kollecinin birgə ikili diplom proqramının açılışında iştirak etməkdən məmnun oldum. Bu kimi tərəfdaşlıqlar akademik dialoqumuza töhfə verərək, insanlar arasında əlaqələri daha da gücləndirir. Qanunun aliliyi və savadlı hüquqşünaslar istənilən azad cəmiyyətin vacib komponentləridir”, səfir Libbi X Platformasında qeyd edib.
2013-cü il martın 1-də Amerika Universitetinin Vaşinqton Hüquq Kolleci ilə Azərbaycanın ADA Universitetində arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Sənəd potensialın artırılması və strateji planlaşdırma, eləcə də tələbə və ya fakültə mübadiləsinin digər sahələrində ADA Universitetinin Hüquq Fakültəsi ilə birlikdə işləməyi nəzərdə tutur. Hər iki tərəf əməkdaşlıq çərçivəsində müasir hüquq təhsilinin mühüm elementləri, Azərbaycanda hüquq təhsilinin təkmilləşdirilməsi zərurəti, hüquq kitabxanası və hüquq ədəbiyyatı, hüquqi tədqiqatlar, gələcək nəsil hüquqşünas alimlərin hazırlanması, hüquq fakültəsinin potensialının artırılması və vəkillik peşəsi ilə bağlı mövzuları müzakirə edib.
Kollecin professorları Azərbaycana səfər edib. Səfər çərçivəsində Azərbaycan Ali Məhkəməsində, Baş Prokurorluqda, Vəkillər Kollegiyasında, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərində görüşlər zamanı Azərbaycanda ədalət mühakiməsinin daha yaxşı həyata keçirilməsinə töhfə vermək üçün ADA Universitetində hüquq təhsili sahəsində potensial inkişafları və məhkəmə icraçıları üzrə təlimlərin yaradılmasını müzakirə ediblər.