"Toplum TV" işi üzrə həbs olunan Ramil Babayevin apellyasiya şikayəti təmin edilməyib

Ramil Babayev

Mayın 10-da Bakı Apellyasiya Məhkəməsi "Toplum TV" işi üzrə həbs olunan Ramil Babayevin şikayətini təmin etməyib.

Vəkil Günay İsmayılovanını məlumatına görə, şikayət Xətai Rayon Məhkəməsinin qərarından verilib.

“Biz həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət vermişdik, lakin Xətai Rayon Məhkəməsi vəsatətimizi təmin etməmişdi. Bu gün Apellyasiya Məhkəməsi də şikayətimizi təmin etmədi. Ramilin özü də məhkəməyə gətirilmişdi. Ramil verilən apellyasiya şikayətimizi müdafiə etdi”, vəkil İsmayılova bildirib.

Ramil Babayev martın 6-da Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə saxlanılıb. O, həbsinə etiraz olaraq 5 gün quru aclıq aksiyası keçirib.

Elə həmin gün hüquq-mühafizə orqanları "Toplum TV"nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində və bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Onlardan Fərid İsmayılova, Müşfiq Cabbara, Elmir Abbasova və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb.

Martın 8-də isə "Toplum TV"nin təsisçilərindən Ələsgər Məmmədli və "III Respublika" platformasının qurucu üzvü Ruslan İzzətli də qaçaqmalçılıq ittihamı ilə saxlanılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

"Toplum TV"nin baş redaktoru Xədicə İsmayıl bildirib ki, "cinayət işinin hədəfi tənqidi səslərdir".

Saytın baş redaktoru Xədicə İsmayıl martın 14-də şahid qismində dindirdikdən sonra onun Azərbaycandan çıxışına qadağa qoyulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinin sorğusuna cavab olaraq bildirilib ki, paytaxtın Nərimanov rayonu Yusif Vəzir Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

"Toplum TV" 2016-ci ilin oktyabr ayından fəaliyyətə başlayan müstəqil informasiya resursudur. Əsas məqsədi insan hüquq və azadlıqlarını, ifadə azadlığını ön planda tutaraq, cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına xidmət etməkdir. Sayt həmçinin Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Demokratiya Məktəbi" proqramının jurnalistika təlimlərində iştirak edən gənclərin peşəkarlıqlarını artırmaq üçün platforma rolunu oynayır.