Brüsseldə Azərbaycan-Ermənistan normallaşma prosesində regional dinamika müzakirə edilib

NATO Baş katibinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavier Kolomina və NATO-nun Brüsseldəki mənzil qərargahında Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan (foto: Xavier Kolomina X platformasından götürülüb)

Brüsseldə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə son razılaşmadan sonrakı normallaşma prosesində regional dinamika müzakirə edilib.

Bu barədə NATO Baş katibinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavier Kolomina "X" platformasındakı paylaşımında bildirib.

O bildirib ki, NATO-nun Brüsseldəki mənzil qərargahında Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan ilə görüşüb.

" NATO-Ermənistan ikitərəfli əməkdaşlığının gücləndirilməsi yolları və xüsusilə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə son razılaşmadan sonrakı normallaşma prosesində regional dinamika müzakirə etdik" - paylaşımda deyilir.

Mayın 10-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın Almatı şəhərində görüşəcəklər.

2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan sərhəd komissiyaları Azərbaycanın Qazax rayonunun dörd kəndinin qaytarılması barədə razılığa gəlib.

İki ölkənin sərhəd komissiyaları delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (Ermənistan) - Bağanis Ayrım (Azərbaycan), Voskepar (Ermənistan) - Aşağı Əskipara (Azərbaycan), Kirants (Ermənistan) – Xeyrimli (Azərbaycan) və Berkaber (Ermənistan) - Qızılhacılı (Azərbaycan) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər, həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər (əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq).

Rəsmi Bakı Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının martın 7-də baş tutan görüşündən sonra Ermənistanın Tavuş rayonu və Azərbaycanın Qazax rayonuna yaxın, Ermənistanın nəzarətində olan dörd kəndin ilkin olaraq azad olunmasını tələb edib.

Azərbaycan bildirir ki, 4 kənd qaytarıldıqdan sonra digər anklav kəndlərlə və delimitasiya ilə bağlı danışıqları davam etdirmək olar.

Ermənistanın Baş naziri Nikol Paşinyan sözügedən kəndlərin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının de yure Azərbaycan ərazisində yerləşdiyini bildirib.