Məhkəmə Anar Məmmədli barədə həbs qətimkan tədbiri seçib

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli

Aprelin 30-da Bakının Xətai Rayon Məhkəməsi hakim Sülhanə Hacıyevanın sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli barədə 3 ay 28 gün həbs qətimkan tədbiri seçib.

Bu barədə Amerikanın Səsinə vəkil Elmar Süleymanov bildirib.

Onun sözlərinə görə, Anar Məmmədli məhkəmədə ittihamı qondarma adlandırıb.

Elmar Süleymanov, vəkil

“Anar bəy dedi ki, qaçaqmalçılıq olmayıb və ola da bilməz. Biz ittiham tərəfinin tezislərini bir-bir təhlil etdik. Belə bəlli oldu ki, ittiham tərəfinin tezislərini sübut edəcək nəinki mötəbər, ümumiyyətlə sübut yoxdur. Bu ittiham sabun köpüyü kimi bir şeydir. Yəni bundan o tərəfə bir anlamı yoxdur”, vəkil Amerikanın Səsinə deyib.

Elmar Süleymanov deyib ki, müdafiə tərəfi məhkəmədə hakimə təqdim edilmiş sənədlərlə tanış olmaq istədiyi barədə vəsatət verib.

“Cinayət Prossesual Məcəlləsi”nin 91.5.21-ci maddəsinə əsasən həbsə alma və həbsdə saxlamanın qanuni və əsaslı olduğunu təsdiq etmək üçün cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi sənədlərlə müdafiə tərəfinin tanış olmaq hüququ var. Biz məhkəmədə bildirdik ki, istintaq orqanının dediklərində sübut görmürük. Bunlar sadəcə boş sözlərdir, daha doğrusu söz yığınıdır. Buna yox, hansısa bir sənədə istinad edəcəksinizsə, həmin sənədləri müdafiə tərəfinə təqdim edin. O sənədlər bizə təqdim edilmədi. Ona görə, Anar Məmmədlinin və atasının evində niyə axtarış aparılıb, nə tapılıb, Anar Məmmədli niyə tutulub, necə tutulub, bunların hamısı böyük bir sualın altında qalır”, vəkil qeyd edib.

Vəkil həmçinin məhkəmə iclasının audio və video yazısının aparılmadığını bildirib.

“Müdafiə tərəfi bununla bağlı vəsatət verməsinə baxmayaraq məhkəmə təmin etmədi. Bu o deməkdir ki, qanunun tələbləri gözlənilmir”, Süleymanov qeyd edib.

Elmar Süleymanov məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.

Aprelin 30-da Anar Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2 maddəsi (qaçaqmalçılıq-vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) ilə ittiham irəli sürülüb.

Anar Məmmədli aprelin 29-da “Abzas Media” nəşrinin əməkdaşlarına qarşı qaldırlan cinayət işi üzrə saxlanılıb. Onun evində və parallel olaraq atasının evində axtarış aparılıb.

Hazırda Amar Məmmədli də daxil olmaqla, “Abzas Media” işi üzrə 8 nəfər saxlanılıb

Anar Məmmədlinin saxlanılması ABŞ Dövlət katibi Antoni Blinkenin aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Azərbaycanı insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə əməl etməyə və Azərbaycanda haqsız yerə həbs edilənləri azad etməyə çağırışından bir gün sonraya təsadüf edir.

Çoxsaylı beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər haqsız yerə həbs edilən şəxslərin dərhal azad etməyə çağırıb.

Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir. Məmmədli ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq seçki monitorinq missiyasının tərkibində Türkiyə, Əfqanıstan, Almaniya, Norveç, Ukrayna, Gürcüstan, Qırğızıstan və Albaniyada keçirilən seçkilərin müşahidəsində iştirak edib.

Anar Məmmədli bu il fevralın 20-də ölkədə vətəndaş azadlıqlarının, ictimai iştirakçılığın təmin olunması və ətraf mühitdə ədalətin bərqərar olunması təşəbbüsü ilə təsis edilən COP29 - Ədalət Mühiti Təşəbbüsünün (COP29 - Cimate of Justice Initiative) təsisçilərindəndir.

Son zamanlar hökumətyönümlü hesab edilən medialarda, həmçinin Rusiyanın Sputnik.Azərbaycan saytında Anar Məmmədli də daxil olmaqla, bir sıra şəxslər barədə ittihamedici məqalələr dərc edilib.

Anar Məmmədli bundan öncə 2013-cü il dekabrın 17-də həbs olunub. O, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendumun nəticələrini saxtalaşdırmaqda suçlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Məmmədli itiihamı qəbul etməyib və Amnesty İnternational təşkilatı tərəfindən vicdan məhbusu elan edilib. O, 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxıb.

Anar Məmmədli 2014- cü il sentyabrın 29-da Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Vatslav Havel mükafatına layiq görülüb.