AXCP Bakı meriyasının toplantı üçün yer vermədiyni bildirir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayı.

Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) Ali Məclisinin sessiyasını keçirmək üçün yer verməyib.

Bu barədə AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli məlumat yayıb.

“Belə çıxır ki, 3 milyonluq şəhərin dövlətə aid olan daşınmaz əmlakının sahibinin bir partiyaya Ali Məclisinin sessiyasını keçirmək üçün 100-150 nəfərlik zal vermək səlahiyyəti yoxdur. Dövlət orqanının bu cür davranışı qanunlara tamamilə ziddir”, AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli Amerikanın Səsinə deyib.

O “Siyasi partiyalar haqqında” yeni Qanuna istinadən bildirib ki, AXCP-nin nizamnaməsində Ali Məclisin sessiyalarının 2 aydan gec olmayaraq keçirilməsi nəzərdə tutulub.

“Bu məsələ ilə əlaqədar olaraq eyni vaxtda, qanunların icrasına məsul olan Ədliyyə Nazirliyinə də müraciət etmişəm. Ölkə bir adam tərəfindən idarə olunduğuna görə bunun da təsiri olmayyıb. Qanunların bu şəkildə pozulduğu ölkədə hüquq və insan haqlarının mövcudluğundan danışmaq ən azı riyakarlıqdır”, Məmmədli deyib.

Bununla yanaşı, Amerikanln Səsinin AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədlinin dedikləri ilə bağlı sorğusuna Bakı şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti hələ cavab verməyib.

Xatırladaq ki, AXCP-yə Bakı şəhər İcra Hakimiyyəti sonuncu dəfə 2023-cü il dekabrın 16-da qurultay keçirmək üçün Maştağa qəsəbəsinin mədəniyyət evində yer verib.