Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan hakimiyyətini jurnalist İmran Əliyevi azad etməyə və jurnalistlərin “beynəlxalq donorlardan qeyri-qanuni maliyyə alması” iddiaları ilə həbsini dayandırmağa çağırıb.
“Azərbaycan hakimiyyətinin nüfuzlu beynəlxalq donorlardan qeyri-qanuni pul alma iddiaları ilə jurnalistləri kütləvi şəkildə həbs etməsi sinizmin təcəssümüdür. Bir halda ki, həmin hakimiyyət iyirmi il ərzində müstəqil, tənqidi mətbuatın istər ölkə daxilində, istərsə də xaricdə maliyyə dəstəyi əldə etmələrini praktiki olaraq qeyri-mümkün edib”, CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Said bildirib.
Azərbaycan Milli Məclisinin fəaliyyətini monitorinq edən Meclis.info saytının rəhbəri İmran Əliyev aprelin 18-də Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb.
Yaxınlarının məlumatına görə, İmran Əliyev polis nəzarətində olarkən işgəncə və pis rəftara məruz qalıb.
“İmran Əliyev saxlanıldıqdan sonra polis orqanına gətirilib. Orada onu döyüblər, həmçinin “tok”a veriblər. O, ağır işgəncə görüb, zorla hansısa sənədə qol çəkdiriblər. Tələb ediblər ki, vəkilindən imtina etsin. Döyəndə vurub gözünün altını göyərdiblər, bədəninin müxtəlif yerlərində də xəsarət izləri var”, İmran Əliyevin yaxınları Amerikanın Səsinə bildirib.
Aprelin 19-da Bakı şəhər Xətai Rayon Məhkəməsi jurnalist barəsində Abzas Media və Toplum TV işlərindəki kimi “xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Gülnoza Said Azərbaycanın beynəlxalq tərəfdaşlarına çağırış edərək, COP29 iqlim konfransı öncəsi Azərbaycanı mətbuat azadlığı ilə bağlı mənfi göstəricilərini yaxşılaşdırmasına sövq etmək üçün qətiyyət nümayiş etdirməyə çağırıb.
“Jurnalist İmran Əliyevin həbsindən sonra zorakılığa məruz qalması ilə bağlı iddialar tam araşdırılmalı və haqsız yerə həbs edilən bütün jurnalistlər azadlığa buraxılmalıdır”, CPJ nümayəndəsi əlavə edib.
İmran Əliyevin son 3 ildə apardığı monitorinqlə Milli Məclisin və millət vəkillərinin fəaliyyəti üzərində ictimai nəzarətin yaradılması və şəffaflığın təmin olunmasına töhfə verdiyini deyən hüquq müdafiəçisi Anar Məmmədli onun həbsinin son 6 ayda artan siyasi repressiyanın tərkib hissəsi olduğunu qeyd edib.
“Belə bir təşəbbüsə görə İmranın siyasi repressiyaya məruz qalması Azərbaycan hakimiyyətinin ifadə azadlığına, vətəndaşların informasiya əldə etmək hüququna və aşkarlığa barışmaz münasibətinin göstəricisidir”, Məmmədli vurğulayıb.
Your browser doesn’t support HTML5
Azərbaycanın bir neçə hökumətyönlü mediasında aprelin 18-də dərc edilən “Abzas Media və Toplum TV işində yeni faktlar” başlıqlı məqalədə İmran Əliyev “qrant qaçaqmalçıları ilə əlbir olmaqda” ittiham edilir.
Hökumətyönlü media orqanlarının daha əvvəl tirajladığı oxşar məqalələrdə də həbs edilən jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri “Qərbin maraqlarına xidmət etməkdə” və “antimilli ovqatlı” olmaqda günahlandırılır.
Sərhədsiz Reportyorlar təşkilatı isə Azərbaycan hakimiyyətinin tənqidi səslərə qarşı repressiya siyasəti, “jurnalist ovu” həyata keçirdiyini bildirir və hökuməti eskalasiyanı dayandırmağa, jurnalistləri azad etməyə çağırır.
Sərhədsiz Reportyorlarla yanaşı bugünədək çoxsaylı beynəlxalq insan hüquqları təşkilatları, ABŞ da daxil olmaqla bir sıra dövlətlər rəsmi Bakını müstəqil mediaya qarşı təqiblərə son qoymağa çağırıb.
Bakı isə bu cür çağırışları və tənqidləri “Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə” kimi qiymətləndirir və Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini qeyd edir.