“Milli Şura xalqımıza müraciət edir ki, ölkədə hüquq və azadlıqlar uğrunda mübarizənin ağırlığını hamılıqla daşımalı olduğumuzu nəzərə alsın, mitinqlər üzərindəki qanunsuz qadağasını götürməsi üçün hakimiyyətə ictimai rəyin daha böyük basqısını yaratsın”.
Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının “Azərbaycanda sərbəst toplaşma azadlığının ləğv olunmasına qarşı” bəyanatında deyilir.
Milli Şura hesab edir ki, meydanları dinc etiraz aksiyaları üçün xalqın üzünə aça bilməlidirlər ki, ölkədəki ağır siyasi, iqtisadi və sosial problemlərin həlli üçün təsir imkanları olsun.
Sənəddə deyilir ki, Azərbaycan hakimiyyəti 5 ildən çoxdur ölkədə vətəndaşların sərbəst toplaşma azadlığını faktiki ləğv edib.
“Müxalifətin mitinqinə sonuncu dəfə 2019-cu ilin yanvarında razılıq verilib. Ondan sonra Milli Şura və AXCP-nin bütün mitinq müraciətləri müxtəlif bəhanələrlə rədd edilib, keçirdiyimiz razılaşdırılmamış aksiyalar isə sərt polis zorakılığı ilə dağıdılıb. Hər belə aksiya cəhdində yüzlərlə iştirakçı saxlanılıb və işgəncələrə məruz qalıb. Bununla belə, Milli Şura vətəndaşların mitinq hüququnu təmin etmək istəyindən geri çəkilməyib”.
Milli Şura bu il ölkədə parlament seçkilərinin keçirilməli olduğunu da nəzərə alaraq, mitinqlərə yenidən cəhd etmək qərarı verib.
“Hakimiyyət isə mitinqlər üzərindəki qadağanı təəssüf ki, hələ də götürmək niyyətində görünmür. Milli Şura bu il 21 aprel tarixində mitinq keçirmək istəyi ilə artıq bir dəfə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib, lakin imtina cavabı alıb. Milli Şura situasiyaya uyğun olaraq, 5 may tarixinə yenidən mitinq təyin edib”, bəyanatda deyilir.
Milli Şura hakimiyyətdən tələb edir ki, insan hüquq və azadlıqları, o cümlədən mitinq və nümayişlərlə bağlı ölkə Konstitusiyasının müddəalarına əməl etsin, repressiyaları dayandırsın, siyasi məhbusları azadlığa buraxsın, mitinq və nümayişlər üçün Bakı şəhərində və regionlarda müvafiq şərait yaratsın.
Milli Şura beynəlxalq ictimaiyyətə, xüsusilə də ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Avropa Şurası və ATƏT-ə çağırış edir ki, Azərbaycan hakimiyyətilə hər bir yüksək səviyyəli danışıqlarında ölkədə insan hüquq və azadlıqlarının təmin olunmasını, xüsusilə də siyasi məhbusların azad edilməsini, sərbəst toplaşmaq azadlığının təmin olunmasını, azad və rəqabətli seçkilərə şərait yaradılmasını, azad mətbuatın, vətəndaş cəmiyyətinin fəaliyyətinə imkan verilməsini və birləşmək azadlığının təmin edilməsini açıq müzakirə etsinlər.
Öz növbəsində, Azərbaycan hakimiyyəti ölkədə fundamental azadlıqların, o cümlədən toplaşma, birləşmə azadlığının tam təmin edildiyini, siyasi məhbusların olmadığını bildirir. Rəsmi Bakı bu istiqamətdə yerli və beynəlxalq tənqidləri qəbul etmir, qərəzli sayır.