BMT və Aİ Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı razılaşmanı alqışlayıb

Ermənistan və Azərbaycan sərhədi

BMT və Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı razılaşmanı alqışlayıb.

Aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə müvafiq Dövlət Komissiyaları arasında əldə edilmiş razılaşmanı alqışlayan BMT baş katibi Antonio Quterreş, tərəfləri sərhədin qalan hissələrinin delimitasiyası və demarkasiyasına davam etməyə və münasibətlərin tam normallaşması istiqamətində yerdə qalan bütün ikitərəfli məsələlərin həllinə çağırıb.

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar razılaşma ilə bağlı xəbərləri ümidverici adlandırıb.

“Bu gün Ermənistan və Azərbaycan sərhəd komissiyalarının işi, hüquqi sənədlər və 1991-ci il Almatı sazişi əsasında delimitasiya prosesinin başlanması ilə bağlı ümidverici xəbərlər var. Aİ danışıqlar prosesini, hərtərəfli və davamlı nizamlanma məqsədini tam dəstəkləyir”, Klaar aprelin 19-da X səhifəsində yazıb.

Rəsmi məlumata görə, Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının cümə günü baş tutan səkkizinci görüşündə tərəflər Azərbaycan Qazax rayonunun dörd kəndinin Bakının suverenliyinə qaytarılmasına, sərhədlərin delimitasiya prosesini 1991-ci il Almatı bəyannaməsi əsasında davam etdirmək barədə razılığa gəliblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə razılaşmanı “çoxdan gözlənilən tarixi hadisə” adlandırıb.

Armenpress xəbər agentliyinin sorğusuna cavabında Ermənistan baş nazirinin ofisi Azərbaycanla ilk dəfə sərhədlərin delimitasiya edilməsini əlamətdar hadisə kimi qiymətləndirib.