Enerji geosiyasəti və beynəlxalq əlaqələr üzrə ekspert Umud Şükri Amerikanın Səsinə müsahibəsində deyib ki, İran ilə İsral arasında yaşanan son gərginliklər də göstərdi ki, İslam Respublikası ölkə daxilində xalqın dəstəyini hər keçən gün daha da itirir.
Şükri müsahibədə İranın İsrailə pilotsuz təyyarələr və raketlərlə hücumundan sonrakı fərqli ssenarilər haqqında öz düşüncələrini ifadə edib.
Your browser doesn’t support HTML5
“İranın hücumu qısa müddətdə enerji bazarına şox təsir etmədi. Yəni, dünya gözləyir ki, İsrailin təpkisi nə olacaq. İsral çox ağır təpki versə, neftin qiyməti 100 dollara çıxa bilər. Amma İranın hücumundan bir gün sonra neft qiyməti bazarda endi. Çünki, indi bazarda yetərincə neft var,” enerji eksperti bildirib.
Şükri hesab edir ki, İslam Respublikası üçün ən pis ssenari İsrailin İranın infrastrukturlarına hücumu ola bilər:
“İsrailin İranın enerji və ya digər infrastrukturlarına bir hücumu olsa, o zaman dünya enerji bazarına çox pis təsir göstərər. Buna görə də, Güney Koreya, Yaponiya və Çin kimi ölkələr də olayları izləyib və tərəfləri sakinliyə dəvət edirlər... Məncə İran ən pis ssenariyə hazır deyil. İndi sanksiyalar davam etdiyi üçün İran sadəcə Çinə neft sata bilir. Yəni, İsrail İranın bu hücumuna təpki olaraq İranın infrastrukturlarını vursa, İran çox böyük bir böhranla qarşılaşar. Onsuz da İranda benzin və təbii qaz böhranı var”.
Umud Şükrinin sözlərinə görə, İslam Respublikası son 45 ildə bölgədə böhranlar yaradıb və bu böhranlardan yararlanmağı yaxşı bacarıb. Ancaq o əlavə edib ki, “İsrailin hücumu İranın infrastrukturlarına olsa, bu dəfə İranın böhrandan çıxması çox rahat görünmür.”
İranın İsrailə hücumundan sonra dövlət agentliyi İRNA-nın xəbərinə görə, Ərdəbil şəhərində bir sosial media istifadəçisi mövzu ilə bağlı yazılar paylaşdığı üçün kiber-polis tərəfindən nəzarət altına alınıb. Həmçinin İranın məhkəmə rəsmisi İsrailin “psixoloji əməliyyatlarına uyğun məzmun yaradıb və ya paylaşanlara qarşı kəskin ölçülər götürüləcəyini” bildirib.
Şükrinin fikrincə, İsraillə yaşanan gərginliklər bir daha İslam Respublikasının daxildə xalqın dəstəyini ciddi şəkildə itirdiyini göstərib.
SEE ALSO: Ərdəbildə İranın İsrailə hücumu ilə bağlı yazı paylaşan şəxs saxlanılıb“İranda ümumi olaraq özəlliklə də iki il öncəki etirazlardan sonra millətin İslam Cümhuriyyətindən qopması çoxalıb. Yəni, polis niyə getsin 17-18 yaşındakı gəncin sosial şəbəkələrdə yazdığı məsələ ilə əlaqələnsin? Çünki, millət bir yol axtarır ki, İslam Cümhuriyyətindən narazılığını göstərsin. Bu, İsraillə olan gərginlik ilə də göründü ki, İslam Cümhuriyyətinin nə qədər inkişaf etmiş silahları olsun, nüvə bombası olsun, içəridə xalqın dəstəyini sürətlə itirir. Bilmirəm İslam Cümhuriyyətinin belə bir qayğısı var ya yox, ancaq savaş dərinə getsə içəridəki xalqları daha da çox itirə bilər” - deyə, Umud Şükri bildirib.