İranda keçən ildən bəri gündəmdə olan “Hicab və İffət” layihəsinin qanuniləşmə prosesi hələ başa çatmasa da, İran Azərbaycanı daxil olmaqla ölkənin müxtəlif vilayətlərinin polis komandirləri aprelin 13-dən etibarən məchuri hicab qaydalarının tətbiqi yönündə yeni mərhələyə keçdiklərini bildiriblər.
Your browser doesn’t support HTML5
Nyu-Yorkda Farminqdeyl Dövlət Kollecinin müəllimi Nahid Cəfəri Amerikanın Səsi ilə söhbətində deyir ki, İran höküməti “hicab və iffət” layihəsi çərçivəsində aqressiv siyasət yürüdərək toplumda qorxu və bölgü yaratmaq istəyir.
İslam Respublikası keçən ildən bəri hicab qaydalarına nəzarəti gücləndirmək üçün daha aqressiv siyasət tətbiq etməyə başlayıb. Son aylar Tehran metrosunda ‘hicab gözətçilərinin’ fəaliyyətə başlaması və bəzi yerlərdə məcburi hicab qaydalarına tam əməl etməyən qadınların filmə çəkilməsi bu basqıların yeni nümunələridir.
“Qadınların o şəkildə filmini çəkmək sadə bir film çəkmək deyil. Elə bil sən bir cinayət etmisən və onlar o cinayəti rekord edir və ondan sonra səni cəzalandıracaqlar. Fikirləşin ki, nə böyük bir stres yaranır bizim toplumun qadınlarına,” Nahid Cəfəri söyləyir.
SEE ALSO: Nahid Cəfəri: İranda zülm altında olan millətlərin dərdlərini danışmaq üçün konfrans təşkil etdikO, hesab edir ki, hökümət qadınları metro kimi qapalı bir mühitdə izləyərək onların içinə qorxu salmaq istəyir.
“Məncə burada məsələ metro deyil. Yəni burada hədəf o deyil ki, məsələn bir metronun içində hamının hicabı yerində olsun. Əsl hədəf burada qorxu yaratmaqdır. Mənim özümə belə gəlir ki, əgər məsələn açıq bir küçədə bir məmur bir qadının qarşısına çıxsa, orada mühitin açıqlığı bu hissi verə bilər ki, məsələn bu xanım oradan qaça bilər. Ancaq, metro yerin altında qapalı bir mühitdir. Orada bir məmurun bir qadını hicabsızlıqla günahlandıraraq ona yaxınlaşması böyük bir basqı olur və qorxu yaradır. Bu qorxu insanın psixologiyasını dağıdar. Çünki, o qadın o mühitdə ilişib-qalır ve qaçacaq yolu olmur. Bu qorxu başqa insanlara yayıla biləcək bir qorxudur,” deyə Cəfəri ifadə edir.
SEE ALSO: Türkan Bozqurt: İranda hicaba nəzarət üçün atılan addımlar sosial birliyin pozulmasına səbəb olarO, həmçinin İran hökümətinin iş yerlərini müştərilərin qaydalara riayət etmədiyi iddiası ilə möhürləməsi və içində hicabsız sərnişinlərin müəyyən edildiyi avtomobil sahiblərinə SMS xəbərdarlıq göndərilməsinə diqqət çəkərək deyir ki, hökümət bu siyasətlə toplumun fərdlərini bir-birləri ilə qarşı-qarşıya qoyur.
Nahid Cəfərinin sözlərinə görə, “burada hədəf budur ki, fərz edək toplumun kişilərini qoyurlar toplumun qadınlarına qarşı. Burada qorxudan əlavə bir də bir növ bölgü yaranır. Bunların heç biri bir toplumun psixoloji sağlamlığı üçün yaxşı deyil və böyük fəsadları var.”