Şərqi Azərbaycan polis komandanlığı bildiriş yayaraq, aprelin 13-dən etibarən vilayətdə "İffət və Hicab" planının icrasına başlanacağını elan edib.
Bu barədə İran mediası xəbər yayıb.
Şərqi Azərbaycan vilayətinin polis komandanlığının bildirişində qeyd olunanlara görə, layihə “təlim keçmiş bölmələrin iştirakı ilə” həyata keçiriləcək.
Həmçinin Şərqi Azərbaycan Polisinin bildirişində məcburi hicaba riayət etməyənlərin "sayının az olduğu" qeyd edilib.
"Bu şəxslər barəsində qanuni tədbirlər görüləcək və məhkəməyə veriləcək" - deyə, xəbərdarlıq edilib.
İranda bəzi vilayətlərdə, o cümlədən Tehranda polis qüvvələrinin komandanlığı oxşar bəyanatlar dərc edərək, polis qüvvələri tərəfindən "İffət və Hicab" planının icrasına başlanacağını elan edib.
"İffət və Hicab" planı İran parlamentində xüsusi komissiya tərəfindən yazılıb və təsdiqi üçün Nəzarət Şurasına göndərilib. Şura bu planın bəzi icra prosesləri ilə bağlı detallara etiraz edib və təkrar düzəlişlərin aparılması üçün yenidən parlamentə göndərib. Hazırda bu planın nöqsanları aradan qaldırılmayıb və parlamentin müvafiq komissiyasında son düzəlişlər aparılır.
İran mediası məclisdə sözügedən komissiyanın bir üzvünə istinadən xəbər verib ki, gələn həftə İffət və Hicab qanun layihəsi yenidən təsdiq üçün Nəzarət Şurasına göndəriləcək.
Xəbərlərdən məlum olduğu kimi "İffət və Hicab" qanununun son variantı hələ təsdiqlənməyib, lakin polis qüvvələri məcburi hicab geyiminə əməl etməyən qadınlarla məşğul olacaqlarını açıqlayıb. Lakin məcburi geyim koduna əməl etməyən qadınlarla polisin hansı qanunlara uyğun davranacağı məlum deyil.
Məcburi hicaba əməl etməyən qadınlar üçün yeni qanun layihəsi, fərdin sosial xidmətlərdən məhrum edilməsi, o cümlədən ölkədən çıxış qadağası ilə nəticələnə biləcəyi bildirilir. Bu qanun layihəsi parlamentin iclaslarında müzakirə edilmədən və səsə qoyulmadan bir neçə nəfərlik xüsusi komissiya tərəfindən yazılıb.