Tofiq Yaqublunun həbs qətimkan tədbirinin uzadılması ilə bağlı müdafiə tərəfi apellyasiya şikayəti verib

Tofiq Yaqublu

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbs qətimkan tədbirinin uzadılması ilə bağlı müdafiə tərəfi apellyasiya şikayəti verib.

Tofiq Yaqublunun qızı Nigar Həzinin Amerikanın Səsinə verdiyi məlumata görə, aprelin 15-də Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılacaq.

Tofiq Yaqublunun səhhətinə gəldikdə isə Nigar Yaqublu atasının səhhətinin yaxşı olduğunu, hələlik hər hansı problem olmadığını bildirib.

Aprelin 6-da Bakı Nərimanov Rayon Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbs qətimkan tədbirinin uzadılması işinə baxılıb. Yaqublunun həbs müddəti daha 2 ay uzadılıb.

Aprelin 5-də isə Bakı Apellyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə Tofiq Yaqublunun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatəti təmin edilməyib.

Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Siyasətçi bundan öncə də dəfələrlə cinayət və inzibati təqiblərə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.

Azərbaycanda son aylarda iyrimidən çox fəal və jurnalist həbs edilib. Bu həbslər çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.