Aprelin 5-də Bakı Apellyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətə baxılıb.
Bu barədə Amerikanın Səsinə Tofiq Yaqublunun qızı Nigar Həzi bildirib.
Onun sözlərinə görə, məhkəmə prosesində Tofiq Yaqublu da iştirak edib.
“Məhkəmədə atam bildirdi ki, həbsi siyasi sifarişlidir. Tənqidi fikirlər söylədiyimə görə həbs olunmuşam dedi”, Nigar Həzi bildirib.
Nigar Həzi hesab edir ki, atası barədə seçilmiş həbs qətimkan tədbiri digər siyasi məhbuslarda olduğu kimi uzadılacaq.
O, Tofiq Yaqublunun həbsindən dörd aya yaxın vaxt keçməsinə baxmayaraq, hər hansı istintaq hərəkəti aparılmadığını düşünür.
Nigar Həzinin dediklərinə istintaq orqanı tərəfindən reaksiya verilməyib.
Bununla yanaşı, rəsmi qurumlar ibtidai istintaqın nə vaxt başa çatacağı ilə bağlı hələlik açıqlama verməyib. Adətən istintaq başa çatandan sonra cinayət işi məhkəməyə göndərilir və vəkillərin istintaq işi ilə tanış olması üçün imkan yaradılır. Amma bunlar hələ baş verməyib.
Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Siyasətçi bundan öncə də dəfələrlə cinayət və inzibati təqiblərə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.
Azərbaycanda son aylarda iyrimidən çox fəal və jurnalist həbs edilib. Bu həbslər çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.
Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.