Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov Ameikanın Səsinə müsahibəsində Türkiyədə keçirilən bələdiyyə seçkilərinin Azərbaycana təsirlərindən danışıb.
Amerikanın Səsi: Türkiyədə bələdiyyə seçkilərinin ilkin nəticələrinə görə, əsas şəhərlərdə müxalifət qalib gəlib. Türkiyə seçkilərinin Azərbaycana təsirləri nə ola bilər?
İlqar Məmmədov: Birnömrəli təsiri ondan ibarətdir ki, 77 faiz iştirak səviyyəsi bu Azərbaycan üçün ən böyük örnəkdir. Azərbaycanda indiyə qədər bütün seçkilərdə gerçək rəqəmləri götürsək 15-25 faiz seçici iştirak edib. Bu, bizim indiyə qədər dediyimiz mövqeni bir daha təsdiq edir, nə qədər çox seçici seçkidə iştirak etsə, o qədər saxtakarlıq imkanları azalır, o qədər daha gerçək, dürüst seçki keçirmək ehtimalı artır. 77 faiz iştirak səviyyəsi Azərbaycanda hər hansı bir seçkidə olarsa, heç bir hökümət bunu saxtalaşdıra bilməz. Bu, Türkiyədəki dünənki seçkidən və əvvəlki seçkidən çıxarılası ən önəmli nəticədir, dərsdir, təəssüf ki, bizdə hələ nə bəzi siyasi qüvvələr, nə də ki, ümumilikdə cəmiyyət bu dərsi öyrənə bilmir.
Amerikanın Səsi: Sizin partiya Azərbaycanda böyük şəhər bələdiyyələrinin yaradılması təşəbbüsü ilə çıxış edir? Sizcə ölkədə böyük şəhər bələdiyyələrinin yaradılması səmərəli idaretmə sahəsində yeni baxışlar yarada bilərmi?
İlqar Məmmədov: Biz bununla bağlı qanunvericilik təşəbbüsü ilə də çıxış etmişdik. Qanunvericilik təşəbbüsünü dəstəkləmək üçün 40 min seçici imzası da toplamışdıq. Özümüzün saytımızda bununla bağlı sənəd də var. Yerli idarəetmənin formasının dəyişdirilməsi və bələdiyyələrin səlahiyyətləndirilməsi ilə bağlı əhatəli sənəd var. Bu dəyişiklik bizim partiyanın tanındığı mövzulardan biridir. Türkiyədəki seçki bir daha göstərdi ki, nə qədər çox səlahiyyətli bələdiyyə olarsa, o qədər çox insan bu orqanın işində maraqlı olar.
Amerikanın Səsi: Azərbaycanda nədənsə həm siyasi partiyaların, həm də elektoratın bələdiyyə seçkilərinə inamı zəif görünür? Bunu həm seçkilərdə namizədlərlə iştirak baxımından, həm də seçkilərdə elektoratın iştirakı baxımından demək olar? Sizcə əhalinin bələdiyyə seçkilərinə inamının artırılması üçün nə edilməlidir?
İlqar Məmmədov: İlk növbədə bələdiyyələr səlahiyyətləndirilməlidir. Bu qurumda “səlahiyyət aclığı” var. Onlar bilmirlər hansı işlə məşğul olurlar. Daim icra hakimiyyətindən aslı vəziyyətdədirlər. İlk növbədə onlar səlahiyyətləndirilməlidir. Bir çox böyük şəhərlərdə seçkili mer vəzifəsi müəyyən edilməlidir. İnsanların birbaşa şəhərin başçısına səs vermək imkanı olmalıdır. Bu qurumlar həmin əraziləri, orada yaşayan insanları idarə etməlidir. Həqiqi səlahiyyət sahibi olmalıdırlar. Bu səlahiyyət yoxdursa və ya dumanlıdırsa və ya icra hakimiyyətindən asılıdırsa, vətəndaş heç bir zaman bu seçkilərdə iştiraka maraq göstərməyəcək.
Amerikanın Səsi: Azərbaycanda bələdiyyələri yerli hakimiyyət hesab etmək olarmı? İdaretmə sistemində bələdiyyələr icraedici, yoxsa nəzarətedici funksiyanı yerinə yetirir?
İlqar Məmmədov: Azərbaycanda bələdiyyələr 1999-cu ildə Azərbaycanın Avropa Şurasına üzvlüyü ilə əlaqədar yaradıldı. Amma o vaxt hökümət onlara səlahiyyət verməyə qorxdu. İndi də, hal-hazırda demək olar ki, bu dövlət qurumu deyil, bir növ QHT kimi qurumlardır. Bu vəziyyət tezliklə dəyişdirilməlidir. Bizim partiyanın da mövqeyi bundan ibarətdir. Bələdiyyələr Azərbaycanda səlahiyyət sahibi olmalıdır. Həm səmərəli icra funksiyalarını yerinə yetirə bilsinlər, həm də insanlar öz bildiyi məsələlərlə gündəlik məşğul ola bilsinlər. Bələdiyyələr çox vaxt öz ərazisinin məsələsini bilmir. Burada isə seçkili orqan olacaq. Səlahiyyəti olacaq. Məsuliyyəti kiminsə üstünə ata bilməyəcək. Dünən gördüyünüz kimi, Türkiyədə necə gərgin və həyacanlı bələdiyyə seçkiləri keçdi.