Accessibility links

Türkiyədə bələdiyyə seçkilərinin ilkin nəticələrinə görə ölkənin əsas şəhərlərində müxalifət öndədir


Turkey Local Elections
Turkey Local Elections

Türkiyədə martın 31-də keçirilən yerli bələdiyyələrə seçkilərdə səslərin hesablanması davam edir. İlkin nəticələr aparıcı müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyasının yerli seçkilərdə mühüm şəhərlərdə nəzarətini qoruyub saxladığını göstərir.

Türkiyə mətbuatının məlumatına görə, səslərin təxminən 80 faizinin hesablandığı İstanbulda CHP-nin namizədir, şəhərin hazırkı meri Əkrəm İmamoğlu 50, 53 faiz səslə öndədir. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Murat Kurum səslərin 40,97 faizini toplayıb.

Paytaxt Ankaranın meri Mansur Yavaşın səs çoxluğu ilə vəzifəsini qoruyub saxlamağa hazır göründüyün bildirilir. Səslərin təxminən 60 faizinin hesablandığı Ankarada CHP-nin namizədi olan hazırkı mer Mansur Yavaşın səslərin 58,99 faizi ilə öndə getdiyi, onun rəqibi, AKP-nin namizədi Turqut Altınokun isə 32,91 faiz səs aldığı bildirilir.

CHP lideri Özgür Özəl seçkilərin ilkin nəticələri ilə bağlı verdiyi açıqlamada bildirib ki, “seçicilərimiz yeni siyasi mühitin qapısını açmağa qərar verdilər”.

“Bu gün seçicilərimiz çox əhəmiyyətli bir qərar verdilər. Bu gün seçicilər Türkiyədə yeni bir siyasətin qurulmasına qərar verdilər. Türkiyənin 22 illik mənzərəsini dəyişməyə, ölkəmizdə yeni bir siyasi mühitin qapısını açmaq üçün qərar verdilər. Cumhuriyyətin 100-cü ilinin ilk seçkilərində iqtidarın qeyri-mütənasib gücünü yerlərdə balanslaşdırmaq qərarına gəldilər”, o, CHP-nin qərargahında açıqlama verərkən bildirib.

Türkiyə prezidenti və Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Tayyib Ərdoğanın da saat yerli vaxtla gecə saatlarında Ankarada partiyanın qərargahında çıxış edəcəyi haqda məlumat verilir.

Türkiyə mətbuatının verdiyi məlumata görə, CHP-nin seçkilərdə namizədləri Bursa və Antalya şəhərlərində də mübarizədə öndə gedir.

TRT-nin açıqladığı ilkin nəticələrə görə, CHP Türkiyənin 81 vilayətinin 35-də önə çıxıb.

Səsvermə prezident Ərdoğanın beş il əvvəl seçkilərdə müxalifətə məğlub olduğu əsas şəhərlərə nəzarəti bərpa etməyə çalışarkən onun populyarlığının barometri kimi qiymətləndirilirdi. İmamoğlu 2019-cu il seçkilərində qalib gəlməklə Ərdoğan və onun partiyasına hakimiyyətdə olduqları iyirmi ildə ən böyük seçki zərbəsini vurmuşdu. Türkiyənin 70 yaşlı prezidenti üçün əsas döyüş meydanı onun doğulub boya-başa çatdığı və 1994-cü ildə bələdiyyə sədri kimi siyasi karyerasına başladığı 16 milyon əhalisi olan İstanbul olub.

Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener səslərin hesablanmasının iftar fasiləsi olmadan davam edəcəyini açıqlamışdı.

Bələdiyyə seçkilərində 61 milyondan çox seçici qeydə alınıb. Yerli hakimiyyət orqanlarında təmsilçilik uğrunda 34 siyasi partiyanın namizədi və müstəqil namizədlər mübarizə aparıblar.

Forum

XS
SM
MD
LG