Martın 30-da Amerikanın Səsi ilə əməkdaşlıq edən jurnalist İdrak Camalbəyli ilə Kyiv şəhərinin "Mixaylovski" meydanında vida mərasimi olub. Jurnalist martın 29-da ürək tutmasından vəfat edib.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun məlumatına görə, mərhumun nəşi Kyiv şəhər "Hərbi Qarnizonunun" karaul dəstəsinin müşayəti ilə meydana gətirilib.
“Mərasimdə yüzlərlə insan iştirak edirdi. Belə ki, vida mərasimində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədr müavini Elşad İbrahimov, UABD-idarə heyətinin üzvü Vidadi İsrafilov, Kyiv şəhər "Hərbi Administrasiyasının " yüksək rütbəli zabitləri, Ukrayna ictimaiyyət nümayəndələri, hərbçilər, diaspor fəalları iştirak edirdi”, məlumatda qeyd edilir.
İdrak Camalbəyli hərbi jurnalist kimi Ukraynanın ordenlər ilə də təltif olunub.
“Camalbəyli 4 gün əvvəl Ukrayna ordeni ilə təlktif olunmuşdu. Lakin onu paylaşmaq ona qismət olmadı. Bu gün isə daha bir medal, polkovnik Toloçko.V. adından "Zirka Poşani" ordeni ilə təltif olunub. Hər iki təltif jurnalistin cənazəsinə qoyularaq, Azərbaycan bayrağına bükülərək vətənə yola salındı”, Azərbaycanlıların Birləşmiş Diasporunun mətbuat katibi Qalib Osmanlı Facebook səhifəsində yazıb.
İdrak Camalbəyli Rusiyanın Ukraynaya qarşı təcavüzünün başladığı ilk günlərdən müharibənin getdiyi bölgələrdən çox sayda reportajlar hazırlayıb. Jurnalist Amerikanın Səsi ilə 2023-cü ildən əməkdaşlıq edirdi. Bu müddət ərzində o, Ukrayna müharibəsi, həmçinin ön cəbhədən Amerikanın Səsi üçün çoxsaylı reportajlar hazırlayıb.
Camalbəyli eyni zamanda Ukraynada yaşayan azərbaycanlılara müharibənin təsirləri ilə bağlı repotajların müəllifidir.
2023-cü ilin aprel ayında İdrak Camalbəyli və onunla Ukraynada çalışan video operator Seymur Şıxəliyev Xerson şəhəri ilə Mikolayiv şəhəri arasında yerləşən Mirnaya kəndində Rusiya ordusunun qoyub getdiyi blindajda mina partlaması nəticəsində xəsarət almışdılar. İnsident baş verən zamanı onlar Mikolayiv və Xerson istiqamətlərində Rusiya işğalının fəsadlarını işıqlandırırdılar.
Jurnalistin ailə üzvlərinin verdiyi məlumata görə, İdrak Camalbəyli Azərbaycanda dəfn olunacaq.